Bəşəriyyətin ekoloji ayna önündə hesabatı

A- A A+

İqlimin nə anlama gəldiyini hələ məktəb illərində Coğrafiya dərsliyindən öyrənmişdim. Onda bizə təbiətə zərər vurmamaq, yandırıcı vasitələrdən ehtiyatla istifadə etmək öyrədilirdi. Çünki bir kolun yanmasına səbəb olsaq, bu, bütöv bir meşənin və onun sakinlərinin məhvinə gətirib çıxara bilər.

Yanan meşə, əslində, “yanan” nəfəs deməkdir. Bizə insanlığımızı qorumaq öyrədilirdi. Çünki insan olaraq qala bilməsək, meşə yandırmağın fəlakət olduğunu da dərk etməyəcəyik...

Coğrafiya dərsliyində təsvir olunan iqlimlə insanın yaşadığı Yer kürəsinin iqlimi çoxdan bir-birinə qarışıb. Xüsusilə Sənaye İnqilabından sonra...

Sənaye İnqilabından etibarən qlobal miqyasda artan ekoloji fəsadlar planetin ekosistemində dərin izlər buraxıb. Hansını sadalayaq? Çoxdur...

Böyük sənaye dövlətləri tərəfindən atmosferə buraxılan milyardlarla ton karbon qazının yaratdığı istixana qazları emissiyalarınımı deyək? Qlobal istiləşmə və iqlim anomaliyalarınımı? Amazon meşələrinin müxtəlif məqsədlərlə qırılmasınımı? Biomüxtəlifliyə ağır zərbə vuran Sakit okeandakı “Zibil Sahəsi”ni? Tarixdən bu günədək həyata keçirilən nüvə sınaqlarını? Çernobıl və Fukusima qəzalarının yaratdığı ekoloji fəsadları?

Siyahını uzatmaq olar. Amma mənə elə gəlir ki, Yer kürəsi insanlıqdan yorulub. Çünki onun “səxavətindən” sərhədsiz şəkildə sui-istifadə etmişik. İndi isə etdiyimiz səhvləri düzəltməyə çalışırıq.

Ancaq özümüz də görürük ki, iqlim artıq təbiətin tənzimləyici funksiyasını əvvəlki kimi təbii şəkildə yerinə yetirməkdə çətinlik çəkir. Elə buna görə də qlobal çağırışlar səsləndirir, insanlardan kömək və dəstək gözləyir.

İqlim artıq sadəcə coğrafi anlayış və ya elmi termin deyil. O, dünya siyasətinin və iqtisadi maraqların kəsişdiyi əsas mərkəzlərdən birinə çevrilib.

Bəs qlobal iqlim nədir? İqlim niyə qloballaşıb? Dövrün tələbi olan iqlim diplomatiyası nədir?

İqlim heç vaxt yalnız bir ölkənin iqlimi olmayıb. İqlim dəyişmələrinin səbəbləri və nəticələri milli sərhədləri aşdığı üçün bu məsələ artıq qlobal siyasi idarəetmənin əsas problemlərindən birinə çevrilib.

Elmi dairələrdə iqlim dəyişmələrinin qlobal miqyasda müzakirəsi XX əsrin ikinci yarısından, xüsusilə 1970-ci illərdən etibarən genişlənməyə başlasa da, qlobal iqlim siyasətinin institusional əsası 1988-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelinin yaradılması və 1992-ci ildə Rio-de-Janeyro Sammitində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının qəbul edilməsi ilə qoyuldu. Məhz həmin dövrdən etibarən iqlim məsələsi bəşəriyyətin ortaq təhlükəsizlik problemlərindən birinə çevrildi.

Təbiətin tarazlığını bərpa etmək təşvişi artıq çoxsaylı təşəbbüslərə və konkret addımlara çevrilib. İnsan anlayır ki, dənizi çirkləndirmək, əslində, öz bədənini zəhərləməkdir. Çünki süfrəmizə gələn balıq da bizim atdığımız tullantıların təsirinə məruz qalır.

Tarazlıq elə budur: təbiət xəstədirsə, insan da xəstədir.

Təşviş təşəbbüsü, təşəbbüs isə fəaliyyəti doğurur. İqlimin qorunması üçün qlobal emissiyaların azaldılması layihələri həyata keçirilir. Bərpaolunan enerjiyə keçid sürətlənir. Meşə massivləri qorunur, hətta səhralaşmış ərazilərdə yeni meşələr salınır.

Paris Sazişi və Kioto Protokolu bu prosesdə mühüm rol oynayıb. Diplomatik vədlərdən və qlobal sənədlərdən əlavə, reallıqda dəyişiklik yaradan praktiki nümunələr də var. Danimarka, Böyük Britaniya və Uruqvay enerji sistemlərinin yaşıl mənbələrə keçidində mühüm nəticələr əldə edib. Avropa İttifaqı isə karbon sərhəd tənzimlənməsi mexanizmini – CBAM-ı tətbiq edir və yaşıl enerji keçidində lider mövqelərdən birini tutur.

İqlim diplomatiyası dövlətlərin ekoloji təhlükəsizliyi qorumaq, emissiyaları azaltmaq və qlobal istiləşmənin qarşısını almaq məqsədilə apardığı siyasi və praktiki danışıqlar prosesidir.

Lakin bu sahədə bir sual hələ də açıq qalır: ölkələr iqlim üzərindən yeni bazarlar qururlar, yoxsa həqiqətən dünyanın iqlimini qoruyurlar?

Reallıq isə budur ki, bu iki istiqamət bir-biri ilə sıx bağlıdır. Karbon bazarları, yaşıl istiqrazlar və emissiya ticarəti iqlim siyasətini böyük iqtisadi maraqlarla əlaqələndirir. Bir çox dövlət üçün yaşıl iqtisadiyyata keçid yalnız təbiətin xilası deyil, həm də gələcəyin texnoloji bazarlarında lider olmaq uğrunda mübarizədir.

Bununla belə, qlobal platformalar olmadan ekoloji böhranla təkbaşına mübarizə aparmaq, əlbəttə, çətindir. Tək əldən səs çıxmaz. Sammitlər, konfranslar və beynəlxalq tədbirlər bu baxımdan zəruridir.

Qlobal iqlim məsələlərini müzakirə etmək üçün keçirilən sammitlər ölkələr qarşısında müəyyən öhdəliklər yaradır. Əsas töhfəni isə sammitlərdən sonra real addımlar atan – kömür stansiyalarını bağlayan, günəş və külək parkları tikən, yaşıl texnologiyaların əlçatanlığını artıran ölkələr verir.

Görünən odur ki, nümunəvi ölkələr sırasında Azərbaycan da var.

Azərbaycanın ekoloji rolundan danışarkən imperiya və sovet idarəçiliyi dövrünün istismar və sui-istifadə siyasətindən, ardınca isə uzun illər davam edən dağıdıcı işğal dövründən bəhs etməmək mümkün deyil.

Həmin istismar dövründə Abşeronda intensiv neft hasilatı aparılıb, təmizlənməyən neft gölləri yaranıb, Bakı və Sumqayıt sənaye qovşaqlarının ağır ekoloji fəsadları ətraf mühitə və yerli əhaliyə ciddi zərər vurub.

Bununla yanaşı, işğal dövrünün ekoloji terroru da var. Bu, çox da uzaq tarix deyil. 30 il ərzində ərazimizin 20 faizini təşkil edən Qarabağ və Şərqi Zəngəzurda meşələrin kütləvi şəkildə qırılması, Bəsitçay Dövlət Təbiət Qoruğunun məhv edilməsi, Oxçuçayın çirkləndirilməsi təbiətimizə vurulan ağır yaralardır.

Ekosid... Urbusid...

Azərbaycan yadelli idarəçiliyi dövründən miras qalan istismar və israfın fəsadlarını müstəqillik illərində öz gücü hesabına aradan qaldırmaq istiqamətində mühüm işlər görüb. Torpaqlarımızın işğal altında qaldığı, ədalətin susduğu ağır illərdən sonra ölkəmiz dünya səhnəsində siyasi, iqtisadi, sosial və beynəlxalq müstəvidə tamamilə fərqli, güclü bir imic formalaşdırıb.

Dünyanın aparıcı dövlətlərini bir masa ətrafında bir araya gətirən “Əsrin müqaviləsi”ndən TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi layihələrinə, eləcə də Xəzərin yaşıl enerjisini Avropaya çatdıracaq yaşıl enerji dəhlizlərinə qədər atılan hər bir addım Azərbaycanın enerji və ekoloji gündəliyindəki yeni mərhələnin təzahürüdür.

Azərbaycan artıq tarixi ekoloji mirasın fəsadlarını aradan qaldırmaq və qlobal iqlim hədəflərinə töhfə vermək üçün qətiyyətli addımlar atır. Sovet dövründən qalan neft gölməçələri qurudulub, Bibiheybət və Ağ Şəhər əraziləri təmizlənərək yaşıllıq zonalarına çevrilib. Milli parkların ərazisi dəfələrlə genişləndirilib.

Ölkəmiz Paris Sazişi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə üzrə mühüm hədəflər müəyyənləşdirib və yaşıl gündəliyini qlobal səviyyədə möhkəmləndirib. Azərbaycanın iqlim diplomatiyası milli maraqları qlobal çağırışlarla uzlaşdıran praqmatik xəttə əsaslanır.

Bu milli maraqlara enerji təhlükəsizliyinin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz ölkəsi kimi formalaşmış imicin yaşıl enerji ixracatçısı statusu ilə zənginləşdirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə yaşıl zona konsepsiyasının həyata keçirilməsi daxildir.

Azərbaycan qlobal iqlim gündəliyinə sadəcə ev sahibi kimi deyil, konkret layihələrlə töhfə verir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda tətbiq olunan “yaşıl zona” konsepsiyası, alternativ enerji mənbələrindən istifadə, ekoloji baxımdan təmiz nəqliyyat, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri daha dayanıqlı gələcək qurmaq məqsədinə xidmət edir.

Sözümün canı budur: Azərbaycan artıq sadəcə tədbirlərin keçirildiyi məkan deyil, qlobal iqlim dialoqunun mühüm platformalarından birinə çevrilib. Ölkə bunu konkret və nümunəvi layihələrlə də nümayiş etdirir.

Əslində, gərək nümunəvi, təhlükəsiz, multikultural, tolerant – bir sözlə, sülh ölkəsi olasan ki, dünya liderlərinin dialoq masası sənin ölkəndə qurulsun.

Bir sözlə, iqlim diplomatiyasının gücü elə ölkənin daxilindəki sülhdən, sabitlikdən və qazanılmış etimaddan başlayır. Çünki əsl qlobal dialoq yalnız sülhün hökm sürdüyü yerdə kök sala bilər.

Ekoloji tarazlığı bərpa etmək isə yalnız təbiəti deyil, bəşəriyyətin gələcəyini də qorumaq deməkdir.

Bu yolda atılan hər bir addım sabahkı dünyaya verəcəyimiz ən təmiz hesabatdır.

Əfruz İbrahimqızı

Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: