Safi Arpaquş: Əmin-amanlığımızı təhdid edə biləcək zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıyıq
Bizi bu gün burada bir araya gətirən əsas amil qlobal problemlərin və mühasirələrin təməlində dayanan dəyərlər böhranı qarşısında ortaq gələcək perspektivi formalaşdırmaq axtarışıdır. Eyni zəngin mədəniyyətin içində yaşayan, eyni millətin övladları olaraq daha dinc gələcək yaratmaq və daha təhlükəsiz sabahlar qurmaq arzusu, həmrəylik şəraitində güclü əməkdaşlıqlar ortaya qoymaq iradəsidir.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri şurasının 7-ci görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin toplantıları qurumun siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, sosial, mədəni və mənəvi istiqamətlərdə də dərinləşməsini təmin edən strateji məsləhətləşmə platforması kimi qiymətləndirilməlidir.
“Bu toplantılar dini, tarixi və mədəni əlaqələrimizi yenidən canlandıraraq qloballaşmanın aşındırıcı təsirlərinə qarşı ortaq ağıl və baxış formalaşdırmağımız üçün bizə mühüm imkanlar yaradır.
İslam dini bəzi ölkələr tərəfindən zorakılıq tərəfdarı kimi təqdim edilir və terrorla eyniləşdirilməyə çalışılır. Bu səbəbdən türk dövlətləri olaraq bir çox baxımdan əmin-amanlığımızı və daxili təhlükəsizliyimizi təhdid edə biləcək hər cür zərərli cərəyana qarşı ortaq mövqe və strategiyalar hazırlamaq məcburiyyətindəyik”, - deyə S.Arpaquş bildirib..
O, qurumlar arasında təcrübə mübadiləsinin artırılmasının vacibliyini qeyd edərək, İslam dininin dünya miqyasında yanlış qavranılmasının və müəyyən terror təşkilatları tərəfindən istismar edilməsinin qarşısının alınmasının zəruriliyini bildirib.
