ADAU-da Naxçıvanın 95 illiyi ilə bağlı tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir Dövlət himni ilə başlayıb, Naxçıvanın tarixi, mədəniyyəti, inkişaf yolları haqqında film nümayiş etdirilib.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malikdir. Ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu inkişaf əhali artımına və məskunlaşmaya da öz təsirini göstərib.
İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxışı zamanı Naxçıvanın muxtariyyəti məsələsini təhlil edib Deyib ki, muxtariyyət Naxçıvana XX əsrin 20-ci illərində bölgədə baş verən ictimai-siyasi hadisələr nəticəsində verilib. Naxçıvanın muxtariyyəti mürəkkəb, çətin və gərgin mübarizə nəticəsində əldə edilib. Ümummilli lider Heydər Əliyev bütün bunları nəzərə alaraq deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
NDU-nun “Azərbaycan tarixi” kafedrasının dosenti Sevinc Abbasova çıxış edərək Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişinin burada ictimai-siyasi həyatı daha da canlandırmasından danışıb. Qısa müddətdə milli dövlətçiliyin bərpası istiqamətində Heydər Əliyevin başçılığı altında qətiyyətli və ardıcıl addımlar atılmağını vurğulayan S. Abbasov onu da əlavə edib ki, Heydər Əliyev Naxçıvanı problemlər məngənəsindən xilas etdi, muxtar respublikanın həyati tələbatlarını ödəmək üçün hər şeydən əvvəl nəqliyyat və kommunikasiya sisteminin qurulmasından başladı və Ulu öndər bunu bacrdı, tarixdə əbədi qalacaq böyük bir iş gördü.
Tədbirdə müəllim Səbinə Əlizadə çıxış edib, tələbələrdən Aysu Hacıyeva, Nailə Süleymanova Naxçıvana həsr edilən şerlər səsləndiriblər.