Sentyabrın 14-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 151, o cümlədən borclu şəxs qismində axtarışda olan 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 8 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər də saxlanılıb.
