Skuns qoxulu ikili standartlar

A- A A+

Bəzən beynəlxalq siyasətin mahiyyətini uzun hesabatlardan daha yaxşı bircə sual açır: 30 il ərzində işğal altında qalan torpaqlar, dağıdılan şəhərlər, məhv edilən mədəni irs və yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması qarşısında “demokratik Avropa” harada idi?

Prezident İlham Əliyevin sentyabrın 15-də Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın həmtəşkilatçıları və Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər bu sualı yenidən gündəmə gətirdi.

Dövlət başçısı Qarabağ münaqişəsi dövründə beynəlxalq təşkilatların mövqeyinə toxunaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasını, ATƏT-in oyunlarını  və Avropa institutlarının Ermənistanın mövqeyinə münasibətini xatırlatdı:

“Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir.”

Sual sadədir: işğal zamanı niyə bu qədər səssizlik, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə niyə bu qədər hay-küy?

Çünki dünya siyasətində indi bir sıra təsisatlara haqq-ədalət, dürüstlük öyrətmək yetkinlik yaşına təzə çatan erkək pişiyə ədəb-ərkan öyrətməkdən daha çətindir.

Məhz belə məqamda Avropa təsisatlarının bir sıra davranışları bizə Baltimor skunslarını xatırladır. Skuns təhlükə yarananda özünü qorumaq üçün kəskin və xoşagəlməz qoxu yayır. Siyasi metafora kimi baxanda mənzərə belədir: illərlə işğalın ağır nəticələrini görməzliyə vuran bəzi dairələr Azərbaycan Zəfərindən sonra qəfildən “demokratiya”, “insan hüquqları” və “sanksiya” ritorikası ilə çıxış etməyə başladılar. Beləcə, özlərinin dəyişkənliyini və pis qorxularını ətrafa yaydılar, buqələmunluqlarını bir daha təsdiq etdilər.

Amma tarix unutqan deyil.

Azərbaycan 2020-ci ildə 30 illik işğala son qoydu, 2023-cü ildə isə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin sözləri ilə desək:

“Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı.”

Bu Zəfər təkcə hərbi nəticə deyildi. O, illərlə dəyişməz görünən siyasi reallığı dəyişdi. Azərbaycan göstərdi ki, beynəlxalq hüququn kağız üzərində qalan prinsiplərinin reallaşması üçün siyasi iradə də lazımdır, hərbi güc də!

Və Prezident İlham Əliyev Avropa Parlamentinin fəaliyyətinə qiymət verərkən hədəfi dəqiq vurdu;

“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır.”

Bu ifadənin arxasında Prezidentin çıxışında sadaladığı konkret faktlar dayanır: Ermənistanın işğal siyasəti dövründə ona verilən siyasi dəstək, Azərbaycana münasibətdə ikili standartlar və Qarabağ azad edildikdən sonra ölkəmizə qarşı sərgilənən mövqe.

Ən maraqlısı isə bundan sonra baş verdi.

Qarabağ azad edildi. Separatçı rejimin rəhbərləri və hərbi cinayətlərdə ittiham olunan şəxslər Azərbaycan qanunları qarşısında məsuliyyətə cəlb edildi. İşğal illərində dağıdılmış şəhərlərin yerində yeni yaşayış məntəqələri salındı. Böyük Qayıdış başladı.

Yəni Azərbaycan öz cavabını bəyanatlarla deyil, reallıqla verdi.

Bu gün Xankəndidə, Ağdamda, Füzulidə, Şuşada və Qarabağın digər bölgələrində gedən quruculuq işləri yeni dövrün göstəricisidir. İşğalın dağıtdığı məkanlarda həyat yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır. İşğal dövründə dağıdılan 65 məscidin yerində indi yeni ibadət ocaqları tikilir.

Bütün bunların fonunda Avropanın bəzi siyasi dairələrinin köhnə yanaşmaları davam etdirməsi artıq daha çox sual doğurur.

Azərbaycan sülh deyir. Qarabağın dirçəldilməsini deyir. Regional əməkdaşlıq və Türk dünyası ilə inteqrasiyanı deyir. İslam həmrəyliyinin praktiki nümunələrini ortaya qoyur. Amma bir şeyi də açıq bildirir: keçmişdə törədilən vəhşiliklər unudulmayacaq.

Bu, revanş çağırışı deyil. Əksinə, dayanıqlı sülh üçün tarixi yaddaşın qorunmasıdır.

İndi seçim qarşı tərəfin qarşısındadır: yeni reallığı qəbul etmək, yoxsa köhnə siyasi ssenarilərin içində qalmaq.

Çünki Qarabağ məsələsində tarix artıq öz sözünü deyib. Azərbaycan yaratdığı yeni reallığı heç bir siyasi oyunla geri çevirmək niyyətində deyil.

Skunsların qoxusu isə nə qədər kəskin olsa da, reallığın özünü dəyişmir.

Sahil Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: