Dini abidələrin vahid məlumat bazası və rəqəmsal xəritəsinin yaradılması təklif olunub

A- A A+

Dini abidələrin vahid məlumat bazası və rəqəmsal xəritəsinin yaradılması təklif olunub.

NUHÇIXAN xəbər verir ki, bu təkliflə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilən "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" adlı konfransda çıxış edib.

O, dini abidələrin bərpa prosesində onların tarixi autentikliyinin, dini-mənəvi dəyərinin və fərqli xüsusiyyətlərinin qorunmasının zəruriliyini diqqətə çatdırıb:

"Abidələrin hüquqi statusu, texniki durumu, istifadə qaydası və mövcud problemləri haqqında məlumatların operativ mübadiləsi prioritetlərin dəqiq təyin edilməsinə və planlaşdırılan işlərin daha effektiv təşkilinə imkan yaradacaq. Bu kontekstdə, tarixi-dini memarlıq əsərlərinin vahid informasiya bazasının və rəqəmsal xəritəsinin hazırlanması birgə fəaliyyətin əsas başlanğıc mərhələlərindən biri ola bilər. Hər bir dini memarlıq əsərinin özünəməxsus strukturu, meydana gəlmə və inkişaf tarixi, həmçinin əsrlər boyu həmin məkanda formalaşmış ibadət və istifadə adətləri mövcuddur".

Dövlət Komitəsinin sədri həmçinin bildirib ki, memarlıq, tarix, arxeologiya və bərpa-konservasiya üzrə peşəkarlarla birlikdə ilahiyyat sahəsinin ekspertlərinin də prosesə daxil edilməsi məqsədəuyğun ola bilər:

"Çünki biz hər bir dini abidənin bərpası zamanı onun tarixi orijinallığının, dini-mənəvi mahiyyətinin və fərqləndirici xüsusiyyətlərinin maksimum dərəcədə saxlanmasına səy göstərməliyik. Mədəniyyət Nazirliyi ilə Dövlət Komitəsi arasında bütün digər sahələrdə olduğu kimi, tarixi-dini irsin mühafizəsi istiqamətində də sıx qarşılıqlı əməkdaşlıq təcrübəsi formalaşıb. Əminəm ki, mövcud resursların koordinasiyası, mütəxəssislərin bilik və təcrübəsinin bu prosesə daxil edilməsi, dini icmaların və cəmiyyətin aktiv iştirakı qarşıdakı vəzifələrin daha nəticəli icrasını təmin edəcək. Çünki tarixi-dini irsi mühafizə etmək təkcə keçmişi saxlamaq deyil, eyni zamanda keçmişlə gələcək arasında əlaqə qurmaqdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: