Sentyabrın 16-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 7 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Ümumi çəkisi 114,3 kiloqram narkotik vasitə və 6090 güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 11 qumbara, 2 alışdırıcı, 4 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər də saxlanılıb.
