Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Babək rayonunda kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyələrin və sudan istifadə edən birliklərin nümayəndələrinin iştirakı ilə sosial sığortanın əhəmiyyəti və üstünlükləri mövzusunda görüş keçirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov sosial sığortanın əhalinin pensiya təminatındakı rolundan və əhəmiyyətindən danışıb.
Babək Rayon Vergilər İdarəsinin rəisi Səftər Əliyarov qeyd edib ki, hazırda rayon ərazisində dövlət sosial və işsizlikdən sığorta haqlarından daxilolmada və proqnoz tapşırıqların icrasında heç bir problem yoxdur. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının, bəzi istisnalar olmaqla, əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır.
Məcburi dövlət sosial sığorta haqları ödənildikdə həmin vətəndaşlar zəruri sığorta stajı toplamaqla gələcəkdə əmək pensiyası təminatı hüququ qazanmış olacaqlar.
Görüşdə mütəxəssislər qeyd ediblər ki, Azərbaycan Respublikasında yeni sığorta pensiya sisteminin qurulması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. Muxtar respublika əhalisinin böyük bir hissəsi kəndlərdə yaşayır və torpaqların özəlləşdirilməsi nəticəsində onların əksəriyyəti torpaq mülkiyyətçisidir. Kənd əhalisinin pensiya təminatının yaxşılaşdırılması, onların ödədiyi sosial sığorta haqları ilə təyin olunan pensiyaların məbləği arasında birbaşa əlaqə mexanizminin yaradılması, təsərrüfatla məşğul olan kənd əhalisinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi sahəsində davamlı şəkildə lazımi işlər görülür.
Digər sahələrdə işləməyən torpaq mülkiyyətçisinin məcburi dövlət sosial sığorta haqqı ödədiyi bütün dövrlər onun üçün sığorta stajı sayılır. Sosial sığorta stajı isə gələcəkdə hər bir vətəndaşın pensiya təminatının əsasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.