Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, komitənin təşkilatçılığı ilə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı genişmiqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərinin dördüncü təlimi yekunlaşıb.
Culfa rayonunda keçirilən iki günlük təlim zamanı iştirakçılara pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəedilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilib. Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.
Təlimin ikinci günündə təlim iştirakçılarına sertifikat verilməsi mərasimi keçirilib, 27 təlim iştirakçısına sertfikat və hədiyyələr təqdim olunub. Təlim iştirakçıları bu kimi tədbirlərin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Qeyd edək ki, növbəti təlimin Ordubad rayonundan olan qadınlar üçün təşkil olunacağı nəzərdə tutulur.