NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Tibb Kollecində “Gənclərdə büdcə savadlılığı” çərçivəsində növbəti təlim keçirilib.
60-dan çox tələbənin iştirak etdiyi tədbirdə təlimin əhəmiyyəti barədə danışılıb. Tədbirin mahiyyəti və aktuallığı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, tələbələrin layihə çərçivəsində keçirilən tədbirlərə cəlb olunması onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsi, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmaları, həyat təcrübəsinə yiyələnmələri məqsədi daşıyır.
Sonra Maliyyə Nazirliyi tərəfindən "Dövlət büdcəsini anlayaq" mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Büdcə ilə bağlı əsas anlayışlar, büdcənin mahiyyəti, dövlət büdcəsinin gəlir və xərc istiqamətləri, Azərbaycan Respublikasının Büdcə sistemi, Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublika büdcəsinin və yerli büdcələrin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Tədbirdə həmçinin “Tələbə büdcəsinin idarə olunması” mövzusunda təlim aparılıb. Təlim prosesində tələbələrin gəlir və xərclərinin səmərəli idarə olunması məqsədilə onlara tələbənin fərdi büdcəsinin tərtibi və planlaşdırılması ilə bağlı ətraflı nəzəri və praktiki məlumatlar verilib, fərdi büdcənin düzgün idarə olunmasının əhəmiyyətindən danışılıb, bunun üçün nəzərə alınmalı məsələlər geniş şərh olunub, tövsiyələr verilib.
Təlimin sonuncu mərhələsində tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib.
Bu mərhələdə 4 komanda iştirak edib. İştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertfikatlar təqdim edilib. Sonda qalib komandanın hər bir üzvünə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.
Əbülfəz Dünyamalıyev