Şəkillənən xatirələr, yaxud başı qarlı uca dağ: Xalq yazıçısı Hüseyn İbrahimov - FOTOLAR

A- A A+

İkimininci illərdə ədəbi mühitə təzə-təzə qədəm qoyduğum dövr xalq yazıçısı Hüseyn İbrahimovun Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri olduğu illərə təsadüf etmişdi. İstedadlı gənc şair dostum, mərhum İlqar Qulusoy ilə birlikdə tez-tez Birliyin İslam Səfərli küçəsində yerləşən binasına üz tutardıq. Onu da deyim ki, Hüseyn müəllim İlqarla məni həmişə dəyişik salar, Mənə İlqar, İlqara Elxan deyərdi.

İlqarın uzaqdan-uzağa Hüseyn müəllimə qohumluğu çatırdı. Məni isə Hüseyn İbrahimova doğmalaşdıran başqa bir səbəb vardı. Növbəti görüşlərimizin birində hardan olduğumu soruşmuş, Yurdçudan olduğumu biləndə mənə xüsusi bir nəvazişlə və bir az da zarafatla ürək qızdırıb, anasının da həmin kənddən olduğunu bildirib maraqlı bir əhvalat danışmışdı. Hər dəfə görüşəndə zarafata salıb atasının bizim kəndə gəlməsindən, bir toyda xoşuna gələn Səkinə adlı qızı mağarın ortasındanca atının tərkinə atıb qaçırmasından söz açardı. Bunu deyəndə baxışları uzaqlara zillənərdi. Yurdçu kəndi haqqında ağızdolusu danışardı, uşaqlıq illərində bizim kəndə gedib gəlməklərini nağıl edərdi. Bu məqamda Hüseyn müəllimin “Əsrin onda biri” romanında da bu sevgisinin öz əksini tapdığını da qeyd etmək istərdim. Əcəmi Naxçıvaninin Möminə Xatın türbəsinin tikintisi zamanı istifadə etdiyi yumurta sarısını Yurdçu kəndindən gətirdiyi vurğulanır. Əlbəttə, bu müəllif təxəyyülü idi. Buna baxmayaraq bu gün yurdçuluların bir çoxu bədii əsərdən doğan bu məqamı özləri üçün bir qürurverici fakt kimi tez-tez təkrar edir, Möminə Xatın türbəsini ziyarət edəndə, görəndə bu tarixi abidənin tikintisində Yurdçu kəndinin müəyyən  rol oynadığını fəxrlə dilə gətirirlər.

Ucaboy, enlikürək Hüseyn İbrahimov xasiyyətcə nə qədər tündməcaz adam olsa da, biz gənclərə qarşı, ümumiyyətlə istedadlı yazarlara qarşı bir o qədər həlim, mülayim və canyandıran idi. Bunu şair dostum İlqarın ilk şeirlər kitabına yazdığı ön sözdə də görmək mümkündür. Dəfələrlə yaşca özündən  kiçik istedadlı gənclərə qarşı bu həssasslığını, eyni yaşda olan biz gənclər də dəfələrlə müşahidə etmişik.     2004-cü ilin may ayında Hüseyn müəllimin 85 illik yubileyi keçirilirdi. Mən həmin dövrdə Hüseyn müəllimin bir vaxtlar redaktor olduğu "Şərq qapısı" qəzetində işləyirdim. Naxçıvan Yazıçılar Birliyində keçirilən yubiley tədbirdən reportaj hazırlamaq tapşırılmışdı. Professor Yavuz Axundlu, gənc ədəbiyyatşünas Hüseyn Həşimli, şairlərdən Elman Həbib, Vaqif Məmmədov, Asim Yadigar, Xanəli Kərimli, Hüseyn Bağıroğlu, Allahverdi Aqil, Mətanət Hüseynxanqızı və digərlərinin iştirak etdiyi, ürək sözlərini bildirdiyi, rəsmi hissədən (əslində elə rəsmi hissə də bədii hissə şəklində keçmişdi) sonrakı çay süfrəsi arxasında mən də məclisin lap aşağısında oturduğum yerdəcə Hüseyn müəllim haqqında bir-iki kəlimə demək cəsarəti göstərmişdim. O vaxtlar qəzet müxbirləri getdikləri tədbirlərdə həm də fotomüxbir funksiyasını yerinə yetirirdilər. Tədbir boyu onlarla fotonu tarixin yaddaşına köçürsəm də yaşca özümdən böyüklərdən Hüseyn müəllimlə birlikdə şəklimizi çəkməsini xahiş etməyə utanmışdım. Amma həmin tədbirdən bir neçə gün sonra yenidən İlqarla Hüseyn müəllimin yanına gedəndə redaksiyanın fotoaparatını da götürmüşdüm. Amma Hüseyn müəllimin yuxarıda qeyd etdiyim tündməcaz xasiyyəti şəkil arzumuzu gözümüzdə qoymuşdu. “Sizinlə xatirə şəkli çəkmək istəyirik”,- deyəndə, “siz deyəsən mənim dünyadan tez gedəcəyimi düşünüb həvəsə düşmüsünüz, ona görə də olmaz. 90 yaşımda gələrsiz, çəkdirərik”, - deyib bizi bir az məyus şəkildə yola salmışdı. O zamandan sonra Hüseyn müəllimlə heç bir tədbirdə qarşılaşmasaq da 90 yaşını səbrsizliklə gözləyirdik. Təəssüf ki, ömrünün 89-cu aşırımında, 2008-ci ilin aprel ayının 10-da əbədiyyətə qovuşdu və bu böyükürəkli səmimi insanla xatirə şəklimiz olmadı.

Hüseyn müəllim mərkəzdən kənarda, əyalətdə yaşayıb-yaradaraq Xalq yazıçısı titulunu alan yeganə söz adamı idi. Bu, onun bəşəri ideallarına, milli-mənəvi dəyərləri geniş miqyasda təbliğ edən əsərlərinin sevilməsinə mane olmadı. Xalq yazıçısı Süleyman Rəhimovun onun haqqında söylədiyi: “Hüseyn İbrahimovun yaradıcılığı “məhəlli ölçü” istəmir. O, bütöv Azərbaycan yazıçısıdır” sözləri də fikrimizi təsdiq edir.

Yuxarıda qeyd etdiyim kimi onun 85 illiyi ilə bağlı hazırladığım reportajda vurğuladığım bir məqamı eyni ilə bura köçürmək istəyirəm: “Naxçıvan Muxtar Respublikasında yeganə “Xalq yazıçısı” tituluna sahib, sinəsində “Şöhrət” ordeni daşıyan Hüseyn müəllim torpağına, ana yurduna bağlı vətəndaş yazıçıdır. Çoxlarından fərqli olaraq tanınıb şöhrət qazanandan sonra bu yurdu tərk edib paytaxta üz tutmayıb. Əyalətdə də gözəl əsərlər yaratmağın, xalq yazıçısı kimi tanınmağın mümkünlüyünü göstərib. Üstəlik yaratdığı əsərlər onu daim yaddaşlarda yaşadacaq".

“Şərq qapısı”-dan sonra  Naxçıvan Radio Verilişləri Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri işləyən Hüseyn İbrahimov 1980-2007-ci illərdə Yazıçılar Birliyinin Naxçıvan şöbəsinə rəhbərlik edib. Onunla işləyən insanların hər biri ilə söhbətdə işinə vicdanla yanaşan, məsuliyyətli, tələbkar və eyni zamanda kollektiv tərəfindən sevilən bir şəxs olduğunu ürək açıqlığı ilə söyləyirlər.

Bəs onu bu qədər sevdirən nə idi? Şübhəsiz, ilk növbədə yaradıcı şəxsiyyəti. Qələm adamı, söz adamı olması Hüseyn müəllimi humanist və milli ideallar uğrunda mübarizə aparan nurlu bir insana çevirmişdi.  

Ötən əsrin ortalarından başlayaraq Naxçıvanda ədəbi mühitin formalaşmasında, onun respublika miqyasında tanınmasında da Hüseyn İbrahimovun az əməyi olmayıb. Bu gün Naxçıvanda yazıb-yaradan bir çox imzaların – şair, yazıçı, publisist və tənqidçilərin bütün Azərbaycan oxucusu tərəfindən tanınmasında onun ağsaqqal qayğısı danılmazdır. Heç kimdən tövsiyələrini əsirgəməyib, ədəbi mühitdə ilk addımlarını atanların qolundan tutub, həmişə çətin gündə, dar ayaqda olanlarla birlikdə olub, yol göstərib.

Hüseyn müəllim görüşlər zamanı dəfələrlə ədəbi yaradıcılığa çoxları kimi şeirlə başladığını qeyd edib. İlk dəfə 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə “O, düşməndə qoymadı anasının qanını” adlı şeiri çap olunub. Daha sonra sözünü nəsrin geniş imkanlarından istifadə edərək çatdırmağa başlayıb. “Göyərçinin məhəbbəti”, “Səhv edəndə”, “Quşlar öləndə oxuyur”, “Kamalın ad günü”, “Göyərçinlər uzağa uçmur” adlı povestləri də oxucular tərəfindən rəğbətlə qarşılanıb. “Torpağın övladları”, “İtirilən sağlıq” pyesləri Naxçıvan teatrında səhnə təcəssümünü tapıb. Əcəmi Əbubəkir oğlu Naxçıvaniyə həsr etdiyi “Əsrin onda biri”, dahi Hüseyn Cavid haqqında qələmə alınmış ilk roman kimi ədəbiyyat tariximizə keçmiş “Böhtan”, həmçinin “Sabahın sorağında”, “Bahar yağışı”, “Günəş doğan yerdə” adlı  əsərləri Azərbaycan romanları içərisində öz layiqli yerini tutub.  “Əsrin onda biri” romanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixili Sərəncamı ilə yenidən 25 min tirajla nəşr olunub. Yeri gəlmişkən həmin kitaba “Şəxsiyyətin və sənətin zirvəsi” adlı ön söz yazmış akademik İsa Həbibbəylinin bu fikirlərini xatırlatmaq istərdim: “Xalq yazıçısı Hüseyn İbrahimov Azərbaycan yazıçılarının ağsaqqal nəslinə mənsub olan görkəmli sənətkardır. Yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən, nəzərə çarpan məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfuz qazanıb. Maraqlı hekayələri, povestləri, romanları ilə Azərbaycan ədəbiyyatına sanballı töhfələr verib”.

Hüseyn İbrahimovun yazıçı şəxsiyyəti dövlətimiz tərfindən də dəfələrlə qiymətləndirilib. Hələ 75 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyev 1994-cü ildə Hüseyn İbrahimova ünvanladığı təbrik məktubunda deyirdi: “Qırx illik yaradıcılığınızın bəhrəsi olan ədəbi əsərləriniz oxucularınızın ideya-mənəvi tərbiyəsində böyük əhəmiyyət kəsb edib, gənclərə saf duyğular, bəşəri hisslər aşılayıb, ziyalı mövqeyiniz Sizə hörmət gətirib”.

Hüseyn İbrahimov Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə 1994-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib, 1998-ci ildə isə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

Bu cür şəxsiyyətin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında” 13 may 2019-cu il tarixli Sərəncamı xalq yazıçısına ehtiramın daha bir nümunəsidir. Həmin Sərəncamda qeyd olunduğu kimi: “Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanıb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayıb”.

100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povest, 5 roman yazmış, bir sıra sənədli oçerklərin, saysız qədər publisistik məqalənin müəllifi olan, əsərləri ondan çox dilə tərcümə olunan, haqqında Mətanət Saraclı tərəfindən “Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı” adlı monoqrafiya - tədqiqat əsəri yazılan Hüseyn İbrahimovun ədəbi irsi xalqımız tərəfindən həmişə sevilərək oxunacaq. Bundan əlavə Hüseyn İbrahimovun Əziz Nesindən, suriya yazıçı Murad Sibaidən, özbək yazıçısı Abdullah Rəhhardan, misir yazıçısı Şixata Ubeyddən dilimizə çevirdiyi hekayələr öz bədii sənətkarlıq cəhəti ilə də diqqəti cəlb edir.

Hüseyn İbrahimov kimi böyük yazıçını şəxsən gördüyüm, ondan dəfələrlə yaradıclıq məsləhətləri aldığım üçün bu yazını xalq yazıçısının 100 illik yubileyi günlərində həm də bir mənəvi borc kimi qələmə almaq ehtiyacı hiss etdim. Bu günün oxucuları isə onun hekayələrini, romanlarını və digər əsərlərini oxuyan zaman Mirzə İbrahimovun söylədiyi fikirlərlə razılaşacaqlar: “Hüseyn İbrahimovun gözəl, mənalı, xalqımız üçün, ədəbiyyatımız üçün çox faydalı olan yaradıcılığı adama xoş gəlir. Yaxşını pisdən, xeyiri şərdən, təmizi çirkabdan, düzü əyridən seçməkdə oxucuya kömək edir. Böyük qayədir!.. Humanist ədəbiyyatın qədim zamandan bu günə kimi ən müqəddəs qayəsidir... Müəllifin əsərləri də bu uca amala xidmət edir”      

Yazımın son cümləsini yazıb nöqtə qoymaq istəyirəm. Xəyalımda arxaya daranmış ağ saçlı asta yerişli ucaboy və nəhəng bir yazıçı portreti canlanır. Sonuncu iş yerindəki kreslosunda əlində qələm yazdığı növbəti hekayədən  ayrılıb qapıya boylanır. Üzünü adlarını həmişə dəyişik saldığı iki gənc şairə tutub söylədiyi sözlər başı qarlı uca dağdan əsən ruzigar təsiri bağışlayır:

- Gəlin, ay şair kəndçilərim. Hərəniz bir tərəfimdə dayanın, bir xatirə şəkli çəkdirək…

 

Elxan Yurdoğlu,

AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: