Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərə müxtəlif istiqamətlər üzrə tibbi reabilitasiya xidmətləri göstərilir.
NUHÇIXAN xəbər verir ki, Mərkəzin direktoru Zahir Vəliyevin jurnalistlərəi müsahibəsində bildirib ki, burada fizioterapiya, müalicəvi masaj və müalicəvi bədən tərbiyəsi daxil olmaqla bir sıra xidmətlər təqdim olunur.
Bildirilib ki, cari ilin 8 ayı ərzində 613 nəfər Mərkəzin reabilitasiya xidmətlərindən yararlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirdiyi sosial dəstək tədbirləri çərçivəsində postmüharibə dövründə 104 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Qeyd olunub ki, son dövrdə Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. O cümlədən, Heydər Əliyev Fondu tərəfindən Mərkəzə müasir reabilitasiya avadanlıqları təqdim edilib.
Reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə reabilitasiya xidməti göstərilən şəxslərin sayı 34 faiz artıb.
Mərkəzin əsas məqsədi müraciət edən şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, gündəlik həyat fəaliyyətinin və sosial fəallığının artırılmasına dəstək göstərməkdir.
