Azərbaycanda dağ-mədən və metallurgiya sənayesi üzrə illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında təqribən 2 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, müvafiq sahədə yeni istehsal güclərinin yaradılması, o cümlədən emal və metallurgiya müəssisələrinin istismara verilməsi (Daşkəsən dəmir filizi layihəsi üzrə Zənginləşdirmə zavodu, Pellet istehsalı zavodu, İBD istehsalı zavodu, "Baku Steel Company" Qapalı Səhmdar Cəmiyyətinin yeni yayma zavodu, "Azəralüminium" MMCnin Gəncə şəhərində elektroliz zavodu, TİƏ əsasında Kalsinasiya və anodbişirmə zavodu, Söyüdlü (Zod) yatağı üzrə flotasiya zavodu), müvafiq sahəyə xarici investisiyaların cəlb edilməsi, yaradılması nəzərdə tutulan istehsal gücləri nəzərə alınmaqla, müvafiq sahədə yaradılan əlavə dəyərin 2 dəfədən çox artırılması planlaşdırılır.
