Günlər bir-birini əvəz edir, aylar illərə qovuşur, illər qərinələr olur. Vaxtilə yanımızda, bizə bir nəfəs qədər yaxın olan insanları istəyərəkdən, yaxud da onlardan asılı olmayan səbəblərdən zamanla yanımızda tapa bilmirik. Deyirlər ki, yalnız ailə üzvlərimiz bizdən istəyərək qopmaz. Onlar əlləri çatdıqları qədər yaxınında istəyirlər bizi. Haçan qarşımda olan bu mənzərə ilə qarşılaşsam, beynimdə bu düşüncələr get-gəl edər.
Mənzərə maraqlı gəldi, elə deyilmi? Əlində qatıq bankası, əyilmiş belinə baxmayaraq, mümkün qədər tez-tez addımlamağa çalışan, evə tələsən yaşlı qadın. Deyəcəksiniz ki, gördüyündə qeyri-adi nə var? Əslində doğrudur, təəccüblü nəsə yox idi. Hamımız günün müəyyən saatında müxtəlif işlərlə məşğul oluruq. Lakin, görünənin arxasında başqa bir dərinlik vardı. Çünki həmin yaşlı qadını şəxsən tanıyırdım. O, kəndimizin yaşlı sakinlərindən biri olan Səkinə nənə idi. Uzaqdan qohumluğumuz da vardı. Atamgilin müraciət dili ilə biz də ona “daycanı” deyə xitab edirdik. Yaşı 80-i keçmiş bu yaşlı qadın evə niyə tələsirdi? Ya da aşağı məhəllədən qatıq almaq işi evdə onamı qalmışdı? Bəli, evin çək-çevirini etmək ona qalmışdı. Tələsməyi isə evdə yaşlı və xəstə yoldaşını tək qoymamaq üçün idi.
Səkinə nənə ilə Yusif baba 60 ildən artıqdır ki, bir ailədirlər. Daşlı-kəsəkli, enişli-yoxuşlu 60 illik həyat yollarında onlara hayan olacaq, xəstələnəndə bir bardaq su verəcək övlad da nəsib etməmişdi Tanrı onlara. Bu nisgilə baxmayaraq onların bu yaşda belə bir-birlərinə olan qayğıkeş yanaşmaları, ailəm deyib usanmadan əl-ələ tutmaqları, sizi inandırım ki, qibtə ediləcək səviyyədədir. Heç bir maneə ilə qarşılaşmasalar belə, övladları olmadığı üçün dağılan ailələri göz önünə gətirdikcə, onların bir-birinə olan sədaqəti daha qabarıq gözə çarpır.
...19-20 il bundan əvvəl idi. Mən haradasa 5-6 yaşında idim. Çox tez-tez olmasa da, nənəmgilin qonşuluğunda qaldıqlarından onlara hər getdiyimdə görərdim bu cütlüyü. Ünvana çatmaq üçün qapılarının yanından keçməli idik. Darvazalarının həndəvərində çox da böyük olmayan bir neçə tut ağacı vardı. Yayda gün o tərəfə döndümü, ər-arvad bax orada görünərdi. Yoldan keçəndə bibimgil yaxınlaşıb görüşərdilər. Yusif babanın cibində həmişə konfet olardı. Yay-qış demədən geyindiyi qolsuz nazik və böyük cibləri olan “jiletkası” biz uşaqların gözündə Ələddinin sehirli çırağı kimi bir şey idi. Fokus göstərən kimi bir hal alıb əlini cibinə salar, "bax, gör qoca babanın cibindən sənə nə çıxacaq?", - deyərək yenidən əlini cəld şəkildə fırladıb sinəmizə paralel saxlayardı. Təbii ki, əlin içərisində heç bir uşağın yox deyə bilmədiyi dadlı konfetlər olurdu. Bəlkə də övladları olmadığından idi, yaxud da elə insani keyfiyyətlərinin qabarıq olmasında idi hər ikisinin uşaqlara olan sonsuz sevgiləri.
Gözümüz illərlə bu mənzərəyə alışdı: Səkinə nənənin yanında həmişə Yusif baba, Yusif babanın da cibində konfet. Ta ki, biz böyüyənə kimi... Zamanla biz böyüdükcə Yusif babanın konfetlərinin ardı-arası kəsildi, sonrasında isə Səkinə nənənin yanında görməz olduq onu. 2 ilə yaxın idi ki, xəstəlikdən əziyyət çəkirdi. Çölə çıxa bilmirdi.
Bir az qaranlıq otaq, rəngsiz pərdələr, divardan asılmış ağ-qara rəsm... Səkinə nənənin 60 il əvvəl gəlin köçdüyü evdəyəm. Uzunömürlü ailənin sirrini özündə saxlayan bu cütlüyü görməyə, onlarla söhbət etməyə gəlmişəm. Yusif baba yataqda bir az dikəlib mənə xoşgəldin edir. Sonrasında isə uzun müddət davam edən səmimi söhbət...
Hər dəfə danışıq sırası onlara çatanda bir-birinin üzünə baxaraq, sanki “sənmi başlayırsan, yoxsa mən?”, deyə qarşı tərəfə sual ünvanlayıb sonrasında hansısa danışmağa başlayırdı. Deyəsən buna diqqət etdiyimin fərqinə vardılar ki, Səkinə nənə gözünü ömür-gün yoldaşından ayırıb üzünü mənə çevirərək sözə başladı:
-Bax qızım, hələ gəncsən, ailə sahibi də deyilsən. Qısaca, bunu söyləməklə başa düşmək, demək olar ki, mümkün deyil. Belə deyim, ailədə ata-ananın, bacı-qardaşının xasiyyətinə zamanla alışırsan, onların hansı sözə, hansı hərəkətə necə diqqət verəcəklərini qismən də olsa bilirsən, ya da heç olmasa təxmin edirsən. Bu da ona bənzər bir şeydir. Eyni evi, eyni qayğıları paylaşdıqca, necə deyərlər, insan bir-birinə gün kimi aydın olur. Məsələn, Yusif babanla ailə qurandan bəri işdən evə gələndə üzündəki ifadəyə uyğun davranır, ona uyğun rəftar edirdim. Bir gün kefsiz gəldisə, həmişəki kimi gülərüzlə qarşılayır, həmin gün mümkün qədər az danışmağa çalışırdım. Nisbətən sərt tonda dediyi sözləri isə eşitməzdən gəlir, bunun kefsizliyindən qaynaqlandığını bilirdim. Ya günün sonunda, ya da ertəsi gün isə hər nə qədər qırıldığımı hiss etdirməsəm də, o bunu anlayar, könlümü almağı bacarardı.
Söhbəti Yusif baba davam etdirir:
-Səkinə nənən haqlıdı, elə hallar çox olub. Kişilər qadınlardan bu baxımdan bir az fərqlidir. Qadınlar işdə olan problemləri əsla evlərinə daşımır, öz daxillərində gizlədə bilir, ətrafa, xüsusilə də ailəyə hiss etdirməməyi bacarırlar. Lakin biz kişilər bu mövzuda elə də bacarıqlı deyilik. Ya da bunu bacarmağı istəmirik. Məsələn mən düşünürdüm ki, nazımı çəkəcək tək insan elə həyat yoldaşımdı. Eh, nə bilim, cavanlıq idi da. Yaşlılıq isə bir qədər fərqlidir. Cavanlıqda olduğu kimi olmur insan. Bax, görürsən, bu evdə kim var indi, onunla məndən başqa? Lap övladımız olsaydı belə, hər kəs öz evində sağ olsun, ay bala. Bir-birimizə qalan elə biz olmuşuq. Vallah, söz tutmayan dilimlə belə gündə yüz dəfə deyirəm ki, xanım, mənə qalan elə sən oldun.
Otağı gülüş səsləri bürüyür. Səkinə nənənin üzündə gənc qızlara xas utancaqlıq sezilir. Görünür, insan hər yaşda qarşı tərəfdən o nəvazişi, şirin sözü gözləyir.
-Düz deyir, -deyə nənə yoldaşının sözünə qüvvət verir. İndiyə baxma ki, qızım, o vaxtlar ailələr qələbəlik idi. 7-8 uşaq sahibi olurdular, hətta daha çox olanlar da vardı. Mən ailə quranda deyirdilər ki, kimlə ailə qurursansa qur, əsas özünün xasiyyəti yaxşı olsun, onunla yola gedə bil. Qayın-quda qismi müvəqqətidir. Düz deyirdilər. Yusif baban deməli, indi kim var evimizdə onunla məndən savayı? Övladımız da olmayıb, qismət. Amma, indi sırf uşaqları olmur deyə yollarını ayıran cütlükləri, dağılan ailələri gördükcə təəssüf hissi keçirirəm.
Səkinə nənə illərini bu bir neçə cümləyə necə sığdırdısa, gözləri doldu. “Hər şeyi başa düşürəm, amma, bu arvadın sulugözlülüyünə bu qədər il necə dözmüşəm, bir onu bilmirəm”,- deyən Yusif baba bu dəfə də göz yaşını əlinin tərsiylə sildirib üzündə təbəssüm yarada bilmişdi həyat yoldaşının. “Uzunömürlü ailənizin sirrini tapmışam deyəsən. Qarşı tərəfi özünüzdən çox düşünürsünüz. Budurmu sirriniz?”, - deyə soruşuram. Yusif baba çənəsi titrəyə-titrəyə çətinliklə danışsa da, ilk olaraq başı ilə təsdiqləyir dediyimi.
Uzunömürlü ailənin daha bir sirri ondadır ki, ilk olaraq yola başdan düz başlamalısan. Yəni seçimini düzgün etməlisən. Tələsmədən, yorulmadan doğru insanı axtarıb tapmalısan. Belə deyək, ailə qurmaq xatirinə ailə qurmamalısan.
Bu məqamda mənim belə gözlərim dolur. Cavanlıq edib nə qədər çılğınca davranırıq hər kiçik problemdə, - deyə düşünürəm. Ailə təkcə ər-arvad demək deyil. Ata-ana, bacı-qardaş, əmi-dayı, qohum-əqrəba birlikdə bir ailədir. Ailənin qorunması üçün isə dəyərlərə sahib çıxmaq gərəkdir. Əvvəllər də çox söhbət etmişdim Səkinə nənə və Yusif baba ilə, tək-tək yaxud birlikdə. Ancaq bu bir neçə saatlıq söhbət qədər ailələrinin dərinliyinə enə biləcəyimi zənn etməzdim. Bu söhbət mənim ailə həyatı qurmaq məsələmdə daha seçici olmaq qərarımı qətiləşdirsə də, o seçimdən sonra ailəmə, gələcəyimə 5 əlli sarılmağın vacibliyini də dərk etdirdi.
Nəticədə özlüyümdə bir daha təsdiqlədim ki, ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Bunun üçün ən vacib amil ailə dəyərlərimizə sahib çıxmaqdır. Hə, bir də ailə qurarkən bu gündən çox yaşlılığı fikirləşmək lazım imiş. Gənclikdə hər kəslə, dostla-qardaşla da günün xoş keçər. Əsas olan yaşlananda, belin büküləndə, əsa əvəzinə yanında yıxılacağını düşünmədən tutacağın əlin olmasıdır. Güvən, inam və hörmət ən bərk poladdan düzəldilmiş əsadan möhkəmdir. Dəyərlərinə və gələcəyinə sahib çıxan, bunun üçün yorulmadan cəhd edən hər kəsə uzunömürlü, sevgi və sayqı yüklü ailə diləkləriylə...
Fatma Babayeva