NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq bruselyoza yoluxmanın qarşısının alınması məqsədi ilə Kəngərli rayon Gigiyena və Epidemialogiya Mərkəzi tərəfindən rayon ərazisində maarifləndirmə və bruselyoz ocaqlarının aşkar edilməsi işinə başlanılıb.
İlk olaraq Şahtaxtı kəndində 50 nəfər şəxs arasında maarifləndirmə işləri aparılaraq müayinə olunmaq üçün qan nümunələri götürülüb. Sonrakı mərhələdə nümunələri müsbət çıxan vətəndaşlar Gigiyena və Epidemialogiya mərkəzinə dəvət edilərək müalicəyə cəlb olunacaqlar.
Kəngərli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Coşqun Babayev bildirib ki, xəstəlik mənbəyi tapıldıqdan sonra baytarlıq idarəsi ilə birgə həmin mənbə ləğv edilir, təmas qrupu heyvanlar yoxlanılıb profilaktiki peyvəndə cəlb olunur. Ət-süd məhsullarının istər topdan, istərsə də pərakəndə satış məntəqələrində sanitar baytarlıq tədbirləri gücləndirilir, termik emalı nəzarətdə saxlanılır.
Qeyd edək ki, zoonoz infeksiyalarının, xüsusilə brüselyoz xəstəliyinin profilaktikası üçün sanitar maarif işləri ilboyu davam etdiriləcək.
Hüseyn Əsgərov