Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) AZƏRTAC-ın sorğusuna cavab olaraq verdiyi məlumatda bildirilib.
Qeyd edilib ki, minatəmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuların aşkar edilməsi üçün müxtəlif növ detektor və maqnit-lokatorlardan, dərin axtarış cihazlarından, sahələr üzrə coğrafi koordinatların dəqiq müəyyənləşdirilməsi məqsədilə DGPS avadanlıqlarından, həmçinin tədqiqat və təmizləmə əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınlarından, ərazinin daha dəqiq öyrənilməsi və tədqiqi məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edilir.
“Minatəmizləmə zamanı süni intellekt əsaslı qərarvermə prosesi təhlükəsizlik amilləri ilə bilavasitə əlaqədar olduğu üçün, ANAMA bu məsələyə perspektivli texnologiya kimi, lakin ehtiyatla yanaşmaqdadır. Minatəmizləmə fəaliyyəti çərçivəsində süni intellektin tətbiqi ilə əlaqədar hazırda mütəxəssislərimiz tərəfindən beynəlxalq təcrübə öyrənilməkdə və bunun tətbiqi üçün müvafiq zəmin yaradılmaqdadır. Eyni zamanda, bu sahədə yeni texnologiyaların araşdırılması məqsədilə Agentlik müxtəlif beynəlxalq sərgi və tədbirlərdə iştirak edir”, - deyə məlumatda diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, ümumiyyətlə, müasir texnologiyalar insan əməyini tam əvəz etməkdən daha çox, onun təhlükəsizliyini artırır, insan gücünü aşan fiziki işlərdə dəstək olur, əməliyyatların dəqiqliyini və səmərəliliyini yüksəldir.
