NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda məktəbəqədər tərbiyə müəssisələrində “Kurikulumların tətbiqinin məqsəd və vəzifələri” mövzusunda seminar keçirilib.
Seminarda İnstitutunun prorektoru Azad Novruzov məktəbəqədər təhsilin əhəmiyyəti və vəzifələri barədə məlumat verib. Bu sahənin muxtar respublikada daima diqqətdə saxlanıldığını və məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirildiyini qeyd edib.
Naxçıvan Müəllimlər İnstitutunda məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə kadr hazırlığı aparan yeganə ali təhsil müəssisəsidir. Ona görə də, yaradılan yüksək imkanlardan istifadə edilməsi yönündə gələcəyin tərbiyəçi müəllimləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılmasının vacibliyi vurğulanıb.
Seminarda iştirak edən Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının müavini Təhminə Mustafayeva muxtar respublikada bu istiqamətdə aparılan işlər barədə məlumat verib.
Sonra institut müəllimlərinin mövzu ətrafında slaydlar vasitəsi ilə çıxışları dinlənilib.
Sadiq Məmmədov