Naxçıvanda xüsusi kateqoriyadan olan uşaqlar üçün ekskursiya təşkil edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi kateqoriyadan olan uşaqlar üçün ekskursiya təşkil edilib.

Ekskursiya zamanı şəhid uşaqları, qazilərin övladları, valideyn himayəsindən məhrum olmuş, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanına, Naxçıvan Xatirə Muzeyinə, Zəfər Parkına və Döyüş Şöhrəti Muzeyinə baş çəkiblər. Ekskursiya zamanı hər bir məkan haqqında məlumatlar uşaqlara sadə və maarifləndirici formada təqdim edilib.
Daha sonra xüsusi kateqoriyadan olan uşaqlar şəhid Elcan Balabəylinin ailəsini ziyarət ediblər. Ziyarət zamanı uşaqlar şəhidin həyat və döyüş yolu ilə tanış olublar. Şəhidin ailə üzvləri uşaqlara Elcan Balabəyli haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 15 nömrəli orta məktəbdə orta təhsil alıb. Elcan Balabəyli təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Nümunəvi xidmətlərinə görə “Qüsursuz xidmətlərə görə” və “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.

Vətən müharibəsində qəhrəmancasına iştirak edib. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elcan Balabəyli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Balabəyli Elcan Vasif oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.

Sonda qeyd edək ki, uşaqlar ekskursiyanı xoş təəssüratlarla başa vuraraq məmnunluq hissi ilə ayrılıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: