Ali Məclisin növbədənkənar sessiyasının iclası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bəxtiyar Məmmədov iclasın gündəliyinə 2 məsələnin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin müzakirəsi zamanı Elxan Tarqulu oğlu Nəcəfovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi və Ovni Mehbalı oğlu Muradovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikası Baş nazirinin təqdimatının Ali Məclisə daxil olduğunu qeyd edib.
Bəxtiyar Məmmədov təqdimat və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihələrini diqqətə çatdırıb.
Sonra qərarlar ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub, Ovni Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
Ovni Muradov göstərilən etimada görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikada təhsil sahəsinin inkişafı istiqamətində səylə çalışacağını vurğulayıb.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ovni Muradovu Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Bununla da Ali Məclisin növbədənkənar sessiyası bağlı elan edilib, Dövlət Himni səsləndirilib.