Naxçıvanın vətənpərvər oğulları - FOTOLAR
Müqəddəs məzarlar qarşısında...
Qədim diyarımız Naxçıvan hər zaman özünün döyüşkən ruhu, Vətənə sədaqəti ilə seçilib. Tarix boyu neçə-neçə sərkərdələr, igidlər yetirən bu torpağın övladları 44 günlük Vətən müharibəsində və üç il əvvəl həyata keçirilən antiterror əməliyyatında ata-babalarının qəhrəmanlıq ənənəsini ləyaqətlə davam etdirdilər…
Əklillərin, rəngarəng güllərin dövrəyə aldığı, qürur rəmzi şəhid məzarları qarşısındayam. Uzaqdan baxıram, göz yaşlarım yanaqlarımdan süzülür. Necə də əzəmətlə dayanmısınız, qürurla baxırsınız... Bilirəm, içinizdə o qədər söz var ki, deməyə...Müharibədəki rəşadətiniz, şüacətiniz, cəsarətiniz, oradakı xatirələrinizdən danışmaq istəyirsiniz. Bilirəm, arxada qoyduğunuz ailəniz, ata-ananız, övladlarınız, həyat yoldaşınız üçün darıxmısınız, onların necə olduğunu bilmək istəyirsiniz…Onlar yaxşıdırlar. Tək deyillər; ana-atanız hamımızın atası-anasıdır, övladlarınız bacı-qardaşlarımızdır, yoldaşlarınız bizim də bacımızdır. Onlar – Şəhid ailəsi bütün Azərbaycan xalqının, dövlətimizin müqəddəs əmanətidir.
Analarımız siz gedəndən sonra yaman kövrək olublar…Onların göz yaşlarının arxasında dağ kimi dayanan sarsılmaz bir qürur var. Övladlarının tabutu üzərində əyilməyən, “Vətən sağ olsun!” deyərək başını dik tutan valideynləriniz ruhunuzu yaşatmaq üçün qürurla həyat tarixçənizi hər yerdə danışır, xatirənizi uca tuturlar…
Əziz Şəhidlərimiz, gəlin, bir baxın, ayağınızın dəydiyi Qarabağ torpaqları dirçəlib. Şuşanın Cıdır düzündən tutmuş Suqovuşanın səfalı guşələri ruhunuzu salamlayır. Xarabaya çevrilmiş yurd yerlərimizə, viran edilmiş abidələrimizə yenidən həyat bəxş edilib. Sizin sayənizdədir, bu gün o torpaqlarda uşaqların gülüş səsləri əks-səda verir. Bir vaxtlar boynubükük gəzən, məcburi köçkün damğasına düçar olan vətəndaşlarımız öz doğma evlərinə qayıdıblar, orada qurub-yaradır, işləyirlər. Sizin sayənizdə hamının yanında başımız uca, alnımız açıqdır.
Heç kimdən, heç nədən qorxmadanız, çəkinmədəniz, canınız-qanınız bahasına döyüşlərdə “Ya Qarabağ, ya Ölüm!” şüarı ilə son gücünüzlə vuruşdunuz. Cəsarətiniz, gücünüz, şücaətiniz dillərdə dolaşdı, bütün dünya sizin igidliyinizdən danışdı. Böyük Zəfəri xalqımıza bəxş etdiniz, 30 il işğal altında qalan torpaqlarımız azad edildi, üçrəngli bayrağımız Qarabağımızda qürurla dalğalandı. Bu gün ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Onu da bilin ki, qisasınız alınıb, bir vaxtlar torpaqlarımızı viran qoyanlar bu gün öz cəzalarını çəkirlər…
Böyük Qələbə tariximizə qızıl hərflərlə yazılıb – sizin kimi qeyrətli, igid oğulların sayəsində: Əsgərlər Xansu Qurbanov, İbrahim İbrahimov, gizir Vaqif Rəcəbov, baş leytenantlar İsmayıl Vəliyev, Elnur Zeynalov, Fuad Əlizadə, Raqib Hüseynov, “Naxçıvan canavarı” ləqəbli leytenant Vəli Quliyev, İbrahim Qasımov, mayor Sadiq Həsənov, kapitan Aşur Cəmiyev və Elcan Balabəyli uyuyur bu məzarlarda... Biriniz Suqovuşanda, biriniz Şuşada, biriniz Cəbrayılda, biriniz Füzulidə, biriniz Qubadlıda yorulmadan, canınız-qanınız bahasına sona qədər getdiniz. Naxçıvan torpağının vətənpərvər oğulları, hər bir qarışı cənnət qoxan torpaqlarımıza qovuşdurdunuz bizləri…
Məzarlarınız hər gün ziyarət edilir. Valideynləriniz, övladlarınız, bacı-qardaşlarınız – hər kəs sizi ziyarətə gəlir, məzar daşınızı doyunca qucaqlayır, şəkillərinizdən öpür, ruhunuza dualar oxuyurlar. Sizi Vətən sevgisi ilə böyüdən qəhrəman ana-ataların qarşısında baş əyirik. Bu gün övladlarınız məktəbə gedirlər. Parta arxasında oturan o balacalar hər gün müəllimlərindən sizin qəhrəmanlıq dərslərinizi dinləyir, sizin övladınız olmaqdan qürur duyurlar. Onlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onlar üçün hər cür imkanlar yaradılıb. Atalarının şücaəti ilə öyünən bu uşaqlar böyüyəndə məhz sizin kimi vətənpərvər, igid, cəsarətli insan olmaq istəyirlər…
Zəfər yolumuzun keşikçiləri, Vətənimizin qəhrəman, igid oğulları, qəlbimizdə daim yaşayacaqsınız…Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Güntac ŞAHMƏMMƏDLİ
AMEA Naxçıvan Bölməsinin əməkdaşı