Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, təhsil ocağında “Mövsümi infeksion xəstəliklər, yayılma vəziyyəti, müalicəsi və profilaktikası” mövzusunda elmi – nəzəri seminar keçirilib.
Seminarda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov mövsümi infeksion xəstəliklərin müalicəsi üçün ölkəmizdə yaradılan şərait barədə məlumat verib, bu cür tədbirlərin keçirilməsinin nəinki tibb fakültəsində təhsil alan, eyni zamanda digər tələbələrin də maariflənməsi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib.
Seminarda mövsümi infeksion xəstəliklərlə bağlı müəllim və tələbələrin məruzələri dinlənilib. Bu xəstəliklərin törətdiyi fəsadlar və onlardan qorunmağın yolları xüsusi diqqətə çatdırılıb. Onların ilkin əlamətləri, epidemiologiyası, yoluxma yolları, patogenezi, müalicəsi və profilaktikasından söhbət açılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Badəm Məmmədova