Söz sərhəd tanımır... - FOTOLAR
Harada birlik varsa, orada daş belə çiçək açar. Harada qadın varsa, orada gül qoxusu, söz işığı, ürək istiliyi olar. Bəzən bir araya gələn insanlar sadəcə bir tədbir keçirmir, aralarında görünməz, amma möhkəm bir körpü qururlar. Bu dəfə də belə oldu...
26 sentyabr 2026-cı il tarixində Naxçıvanda sözün, ədəbiyyatın, poeziyanın və qadın həmrəyliyinin işığında daha bir gözəl səhifə yazıldı. Naxçıvanda yazıçı-publisist Təranə Arifqızının rəhbərliyi ilə fəaliyyət göstərən “Zərif Qadınlar” ədəbi qrupu ilə Bakıda yazıçı-publisist Esmira Abdullayevanın rəhbərlik etdiyi “Kitabçılar” birliyinin birgə layihəsi çərçivəsində “Söz sərhəd tanımır” adlı ədəbi tədbirimiz baş tutdu.
Bu tədbir sadəcə söz adamlarının görüşü deyildi. Bu, iki şəhərin, iki ədəbi mühitin, iki qadın birliyinin bir-birinə uzatdığı səmimi əl, yaratdığı söz körpüsü idi.
Hər zaman olduğu kimi, bu dəfə də Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar Naxçıvanda yaşayan və yazıb-yaradan xanım yazarların yanında oldu. Onun mənəvi dəstəyi bu yolun işığını daha da artırdı.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası isə sözə, ədəbiyyata və sənətə açılan qapılarını üzümüzə açdı. Bu qapıdan içəri daxil olan hər kəs bir daha gördü ki, kitabxanalar yalnız kitabların mühafizə olunduğu məkanlar deyil, həm də sözün, düşüncənin, ədəbiyyatın nəfəs aldığı müqəddəs ünvanlardır.
Sözə və ədəbiyyata təmənnasız xidmət edən Elxan Yurdoğlu və digər ziyalı qələm sahibləri də bu görüşdə bizimlə birgə oldular. Zərif qadınlarımız isə yenə öz maddi və mənəvi dəstəkləri ilə tədbirin ərsəyə gəlməsi üçün əllərindən gələni etdilər.
Naxçıvan ədəbi mühitinin dəyərli nümayəndələri, şair-qəzəlxan İman Naminin rəhbərliyi ilə fəaliyyət göstərən “Sehirli misralar” ədəbi qrupunun bəy yazarları da bizi bu söz meydanında tək qoymadılar. Onların iştirakı tədbirimizə başqa bir rəng, başqa bir səs qatdı.
Ən böyük sevincimiz isə şəhid doğmalarının bizimlə birlikdə olması idi. Vətən üçün ən əzizlərini qurban verən insanların varlığı bu görüşə sözlə ifadə olunmayacaq qədər dərin bir məna gətirdi.
Bakıdan təşrif buyuran “Kitabçılar” birliyinin doqquz üzvü və onların dəvəti ilə gələn dəyərli qonaqlarımız Naxçıvan torpağında bizimlə görüşərək bu günümüzə xüsusi rəng qatdılar. Bir-birimizi tanıdıq, tanıtdıq, söhbətlər etdik, şeirlər səsləndirdik, duyğularımızı bölüşdük.
Və beləcə sözdən bir körpü saldıq...
Təməli möhkəm, gələcəyi ümidli bir körpü.
Çünki bizim bütün qayəmiz yalnız bu günü yaşamaq deyil. Biz gələcəyə nələrsə ötürmək, bizdən sonra gələnlərə bir söz, bir misra, bir xatirə, bir iz buraxmaq istəyirik.
Bu yolda yanımızda olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk. Başda Təranə xanım olmaqla, bu işə ürəyini, əməyini və sevgisini verən hər kəsdən Allah razı olsun.
Xüsusi təşəkkürümüzü kitabxananın rəhbəri Tamella xanıma və onun yardımçısı Yeganə xanıma bildiririk. Onlar hər zaman tədbirlərimizin ərsəyə gəlməsi üçün canla-başla çalışır, bizə qapılarını və könüllərini açırlar.
Ədəbi görüşümüz bununla da bitmədi.
Tədbirdən sonra torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs məzarlarını ziyarət etdik. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ruhları qarşısında ehtiramla baş əydik, dualar oxuduq. Qardaş Türkiyə Cümhuriyyətinin şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdik.
Çünki sözün ən böyük borcu Vətən qarşısında susmamaqdır.
Sonra bu mənəvi yolçuluğumuz Naxçıvan süfrəsi arxasında davam etdi. Naxçıvan təamları ilə ilk dəfə tanış olan qonaqlarımızla mətbəximizin zənginliyi, dadlarımızın ortaq və fərqli çalarları haqqında söhbətlər etdik. Süfrə ətrafında söz daha da doğmalaşdı, məsafələr daha da qısaldı.
Günün son dayanacağı isə Ulu Öndər Heydər Əliyevin muzeyi oldu. Muzeyin bələdçisi Ümummilli Liderə aid eksponatlar haqqında ətraflı məlumat verərək bizə tariximizin mühüm səhifələrini bir daha xatırlatdı, bilmədiyimiz məqamları bizimlə bölüşdü.
Beləcə, dolu və mənalı bir gün sona çatdı.
Geridə çəkilən fotolar, yaddaşa həkk olunan söhbətlər, səslənən şeirlər, səmimi gülüşlər və qəlbimizdə iz buraxan gözəl xatirələr qaldı.
Bəlkə də zaman keçəcək, həmin günün səsləri yavaş-yavaş uzaqlaşacaq. Amma bir şey qalacaq — sözdən saldığımız körpü.
Çünki sözün sərhədi yoxdur.
Söz şəhərləri aşır, yolları keçir, könüllərə toxunur, insanları bir araya gətirir.
Və biz bir daha inandıq:
Harada söz varsa, orada ümid var.
Harada birlik varsa, orada işıq var.
Harada qadın varsa, orada həyat var.
Söz sərhəd tanımır...
Şair-publisist
Sevinc Azadlı