NUHÇIXAN xəbər verir ki, Babək rayonunda Ədliyyə Nazirliyinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bələdiyyələrin fəaliyyəti sahəsində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə bələdiyyə sahəsində qanunvericiliyin öyrənilməsi,..statusu, bələdiyyə torpaqlarının icarəyə verilməsi məsələləri haqqında .məlumatlar verilib.
Ədliyyə Nazirliyinin əməkdaşı Cəfər Zülfüqarov yerli özünüidarə orqanlarının işində qanunçuluğun təmin edilməsinin qanunvericiliklə Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş başlıca vəzifələrdən biri olduğunu bildirib. Nazirlik vəzifələrin icrası ilə əlaqədar mütəmadi olaraq bələdiyyələrin fəaliyyəti sahəsində maarifləndirmə tədbirləri keçirir. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması bu sahəyə diqqət və marağı daha da artırıb. Qanunun tələblərinə əsasən bələdiyyələr də ailə təsərrüfatları ilə qarşılıqlı münasibətlərini gücləndirməli, üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.
Bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biridir. Bununla əlaqədar qanunvericilik torpaqların münbitliyinin təmin olunması sahəsində bələdiyyələrin də vəzifələrini müəyyən edir. Dinlənilən çıxışlarda torpaqdan təyinatı üzrə və səmərəli istifadə edilməsi ilə bağlı maarifləndirmə işləri aparmalı və mütəmadi olaraq qanunvericiliklə müəyyən olunmuş tədbirlər həyata keçirməli olduğu qeyd edilib.
Seminarın sonunda verilən suallar ətraflı cavablandırılıb. Tədbir iştirakçılarına “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodik vəsaitlər təqdim olunub.