NUHÇIXAN xəbər verir ki, Naxçıvan-Sədərək magistral yolunun kənarında 100 hektar sahədə salınan püstə bağının 3 hektarında toxum vasitəsilə bərpa işləri aparılıb.
İqtisadi cəhətdən səmərəli olan püstənin toxum və tingi əvvəllər muxtar respublikaya xarici ölkələrdən gətirilirdisə, artıq buna ehtiyac qalmayıb.
100 hektar sahədə salınan püstə bağında mövsümə uyğun olaraq ağacəkmələr həyata keçirilir, əkilən tinglərə qulluq edilir. 2019-cu il ərzində 10 hektar sahədə isə toxum və püstə tingi vasitəsilə bərpa işlərinin aparılması nəzərdə tutulub.
Onu da qeyd edək ki, ötən ay Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəsalma Müəssisəsinin kollektivi püstə bağında bərpa məqsədilə dibçəkdə yetişdirilən 750 püstə tingi əkib. Bağda həmçinin toxum vasitəsilə də bərpa işləri aparılıb. Bu məqsədlə əldə olunan 1 kiloqram toxum püstə bağına səpilib.
Röyal Kərimov