1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür
Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün- oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi isə prokurorluq orqanlarına yüksək dövlət qayğsıının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.
Azərbaycan Prokurorluğu demokratik və hüquqi dövlətin qurulması və sürətli inkişafı prosesinə mühüm təsir göstərməklə vətəndaşların hüquq və azadlıqlarının, cəmiyyətin və milli dövlətçiliyin maraqlarının etibarlı müdafiəsində, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsində xüsusi rol oynayır. Ölkəmizdə milli prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabr ayının 1-də qoyulmasına baxmayaraq, onun milli dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil, demokratik dövlət təsisatı kimi formalaşması və səmərəli fəaliyyəti üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə аpаrılаn ədalətə, humanizmə söykənən məhkəmə-hüquq islahatları çərçivəsində mümkün olmuşdur.
Ulu Öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə xilaskar qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunaraq vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Rеspublikаsının Konstitusiyası zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət təsisatı sistemində prokurorluğun yeri müəyyənləşdirilmiş, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri təsbit edilmişdir. Belə ki, Konstitusiyanın “Azərbaycan Respublikasının Prokurorluğu” adlanan 133-cü maddəsində Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başmaq və istintaq aparmaq, məhkəmədə dövlət ittihamını müdafiə etmək və məhkəmədə iddia qaldırmaq, məhkəmə qərarlarından protest vermək kimi vəzifələr qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
Ulu Öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir əməkdaşın xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır. Ümummilli Liderin "Prokurorluq peşəsi ağır çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız" sözlərini prokurorluq işçiləri öz fəaliyyətlərində əsas istiqamət kimi götürürlər.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında prokurorluq оrqаnlаrındа aparılan islahatların əsas məqsədi isə bu mühüm dövlət orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin və mənəvi keyfiyyətlərinin artırılmasından ibarət olmuşdur. Ulu Öndər ilk növbədə qeyd edirdi: "Hüquq-–mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür”.
1996-cı ildə Ümummilli Lidеr Heydər Əliyevin sərəncamı Hüquqi islahatlar komissiyasının yаrаdılmаsını, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində qanunun aliliyinin təmin olunmasını, beynəlxalq hüquq normalarının milli qanunvericilikdə nəzərə alınmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdə tuturdu ki, bu da, Ulu Öndərin göstərişi ilə qısa zaman kəsiyində uğurla həyata keçirilməklə, prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşdirilməsinə rəvac vermişdir. Bu islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin və digər normativ sənədlərin təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə qaldırılmışdır. Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının əsas prinsiplərini özündə əks etdirən və prokurorluğun qarşısında duran bu və digər məqsədlərin həyata keçirilməsində 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm əhəmiyyət daşıyır. Mütərəqqi ruhlu bu Qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmasına ciddi hüquqi zəmin formalaşdırmışdır.
“Prokurorqluq haqqında” Qanunda Prokurorluğun fəaliyyət istiqamətləri isə belə müəyyən olunmuşdur: Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir, məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir, məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir, məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir və məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir. Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, “Prokurorluq haqqında” Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.
Qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması və siyasi bitərəflik isə Prokurorluğun fəaliyyətinin əsas prinsipləridir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutmuşdur və ölkəmizin müstəqilliyinə xidmət edir”, – deyən Ulu Öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə "Qoy ədalət zəfər çalsın!" şüarını o zamanın ictimai postulatına çevirməyi bacarmaqla fədakar fəaliyyətini cəmiyyətdə ədalətin təntənəsinə yönəltmişdir. O dövrdə Ulu Öndərin təşəbbüsü ilə respublikamızda ali məktəblərin hüquq fakültəsinə qəbulla bağlı aparılan islahatlar nəticəsində sadə ailələrdən çıxan bilikli və istedadlı gənclər hüquqşünas ixtisasına yiyələnməklə hüquq mühafizə sistemində, o cümlədən prokurorluq orqanlarında işləməyə başlamış, yüksək vəzifələrə irəli çəkilmişlər. Ümummilli Lider həmin hüquqşünasların müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına sonralar münasibətini belə bildirmişdir: "Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır".
Ulu Öndərimiz deyirdi ki: "Mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram". Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.
Prokurorluq orqanlarının ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun təmini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin “Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir.
Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”. Ölkə başçısının prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi uğurla həyata keçirilir. Prokurorluğun ölkənin hüquq sistemində rolunun artırılması, dövlətimizin daha yüksək inkişaf mərhələsində prokurorluq orqanlarına daha böyük inam və etimad göstərilməsinin nəticəsi olaraq bu dövlət təsisatı qarşısında yeni vəzifələrin müəyyən olunması prosesi həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: "Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq" sözlərinin əyani şəkildə reallaşması istiqamətində qısa zaman kəsiyində prokurorluqda müasir məzmunlu islahatlar aparılmış, səmərəliliyin və işin keyfiyyətinin artırılmasına yönəlmiş tədbirlər sistemli xarakter almaqla bu gün də ardıcıl şəkildə davam etməkdədir.
Ölkə başçı cənab İlham Əliyevin: “Əsas məqsədimiz dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır” fikri hər bir prokurorluq işçisinin üzərinə daha da məsuliyyətli çalışmaq vəzifəsini qoymuşdur.
Prokurorluq orqanları dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”
“Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı” prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi sahəsində tədbirləri zəruri etmişdir.
Prokurorluq orqanları ilə ictimaiyyətin əlaqələrinin qarşılıqlı etimad prinsipi əsasında qurulması, bu orqana edilən müraciətlərin vaxtında araşdırılması və zəruri tədbirlərin görülməsi də son illərin uğurlu fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. “Vətəndаşlаrın müəyyən оlunmuş qrаfikə uyğun qəbulu, оnlаrın mürаciətlərinə, ərizə və şikаyətlərinə vахtındа bахılmаsı və hаqlı tələblərinin həllinin təmin еdilməsinin bütün dövlət qulluqçulаrının əsаs vəzifələrindən biridir”,-deyən ölkə Prеzidеnti vətəndаşlаrın mürаciətlərinə qаnuni bахılmаsı və оnlаrın prоkurоrluq оrqаnlаrındа qəbulu işinin düzgün təşkili vаcib vəzifələr kimi qarşıya qoymuşdur.
Prokurorluğunun fəaliyyətində ən vacib istiqamətlərdən biri də müasir dövrün tələblərinə uyğun olaraq cinayət mühakimə icraatında rəqəmsallaşma prosesinin həyata keçirilməsidir ki, bu sahədə irəliləyişlər əldə edilmiş, Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" İnformasiya Sistemi prokurorluq orqanlarında fəaliyyətə başlamışdır.
Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin çağdaş dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən Azərbaycan Respublikası Prokurorluğunun 2024-2026-cı illər üzrə Strateji İnkişaf Konsepsiyası ölkəmizin qarşısında duran müasir çağırışlar və vəzifələr nəzərə alınmaqla prokurorluğun inkişafının mühüm aspektləri, istiqamətləri və məqsədlərini, insan hüquqlarının və azadlıqlarının etibarlı müdafiə olunduğu cəmiyyətdə prokurorluğun prioritetlərini və uzunmüddətli hədəflərini müəyyən etmişdir.
Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss edir. 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı Muxtar Respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin əsasını qoymuş, Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur Rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2012-ci ildə Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda struktur islahatlarının həyata keçirildiyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının strukturu Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna uyğunlaşdırılmışdır.
Dövlətçiliyin və sabitliyin qorunması, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə digər hüquq-mühafizə orqanlarl ilə yanaşı prokurorluq orqanları da öz layiqli töhfəsini verə bilmişdir.
108 yaşlı Azərbaycan Prokurorluğu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olacaq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi
Baş ədliyyə müşaviri
Prokurorluğun fəxri işçisi
