Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb

A- A A+

Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə NUHÇIXAN-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, bəzi sosial media səhifələrində Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb:

"Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib".

Qeyd edilib ki, araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

"Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: