Şərurlu məktəblilər mükafatlandırılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Şərur Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Şərur rayon “Bahar” kinoteatrında tədbir keçirilib.
Bildirilib ki, muxtar respublika əhalisinin 35,7 faizini uşaqlar təşkil edir. Uşaqların təhsili ilə yanaşı, onların sağlamlıqlarının qorunması, fiziki inkişaflarının təmin olunması məqsədi ilə son illər muxtar respublikada əhəmiyyətli işlər görülür. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqlar, onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün də tədbirlər həyata keçirilir.
Sonra 2017-2018-ci tədris ilində Şərur rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən şagirdlərə fəxri fərman və hədiyyələr təqdim olunub. Tədbirin bədii hissəsində Şərur rayonu üzrə fəaliyyət göstərən Çərçiboğan, Aralıq, Şəhriyar, Ələkli, Yuxarı Daşarx uşaq musiqi məktəblərinin və Bəhruz Kəngərli adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında konsert proqramı olub.