Şagirdlər üçün açıq dərs təşkil edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdləri üçün  Ərtoğrol Cavidin yaradıcılıq irsinə həsr olunmuş açıq dərs keçirilib.

Açıq dərsdə məktəbin direktoru Elşən Xəlilov, məktəbin nəzəri fənlər şöbəsinin müdiri Nəcibə Qafarova, nəzəri fənlər şöbəsinin müəllimi Təranə Axundova, musiqi ədəbiyyatı müəllimi Zülfiyyə Əliyeva çıxış ediblər. Çıxış edənlər Ərtoğrol Cavidin həyat və yaradıcılığı haqqında uşaqlara geniş məlumat veriblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi unudulmaz bəstəkar, böyük dramaturq, gözəl şair, istedadlı rəssam, folklorçu və musiqi tədqiqatçısı Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd edilir.

Qeyd olunub ki, onun ilk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya”dır. Skripka ilə fortepiano üçün “Poema”, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, T. Rasizadənin “Səninlə olaydım” və s. şeirlərinə romans və mahnılar bəstələyib. Böyük Vətən müharibəsi başlanarkən “Cəbhədən məktub” simfonik balladasını və marşlar yazıb, “Şeyx Sənan”, “Məhsəti” operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb.  Ərtoğrol Cavid qələmini dramaturgiya və poeziya sahəsində də sınayıb və uğurlu əsərlər yaradıb.

Açıq dərsin davamında Ərtoğrol Cavidin bir neçə əsəri slayd vasitəsilə şagirdlərə təqdim edilib, Ərtoğrol Cavidin yazdığı şeirlər səsləndirilib.

Sonda açıq dərsdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: