Yeni geosiyasi mərhələdə Azərbaycan: Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışının strateji mesajları
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı ildə keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı yalnız partiyanın qarşıdakı fəaliyyət istiqamətlərinə deyil, həm də Azərbaycanın xarici siyasətinin prioritetlərinə, milli təhlükəsizlik məsələlərinə, regional proseslərə və dünyada formalaşan yeni münasibətlər sisteminə dair geniş mesajlarla zəngin olmuşdur. Çıxışın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın keçdiyi tarixi yol ilə qarşıdakı dövrün vəzifələrini vahid məntiq çərçivəsində birləşdirməsidir. Prezident çıxışında Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpasını son illərin əsas nəticəsi kimi təqdim etmiş, 8 Noyabr 2020-ci il və 20 Sentyabr 2023-cü il tarixlərini dövlətçilik tariximizin mühüm mərhələləri kimi vurğulamışdır. Bu yanaşmaya görə, hərbi qələbə yalnız keçmiş münaqişənin başa çatması deyil, eyni zamanda Azərbaycanın regional geosiyasi mövqeyinin dəyişməsi ilə nəticələnən proses kimi nəzərdən keçirilir. Prezident çıxışında xüsusi olaraq qeyd etmişdir ki, böyük güclərin müqavimətinə baxmayaraq, Azərbaycan bu nəticələrə öz gücü ilə nail olub. Minsk Qrupunun fəaliyyətinə dair səsləndirilən fikirlər də bu kontekstdə qiymətləndirilməlidir. Çıxışda 1990-cı illərdən etibarən formalaşmış vasitəçilik mexanizmlərinin münaqişənin həllindən daha çox onun dondurulmasına xidmət etdiyi barədə mövqe ifadə edilmişdir. Eyni zamanda, 2020-ci il müharibəsi zamanı Azərbaycana müxtəlif səviyyələrdə təzyiqlərin göstərildiyi bildirilib. Beləliklə, çıxışın bu hissəsində verilən əsas mesaj ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına dair fundamental məsələlərdə qərar qəbul etmək imkanını xarici siyasi mərkəzlərə həvalə etmir.
Bu yanaşma Azərbaycanın sonrakı xarici siyasət xəttinin mühüm prinsipinə – strateji müstəqilliyə gətirib çıxarır. Prezident Azərbaycanın artıq bir sıra ekspert və təhlilçilər tərəfindən “orta güc dövləti” kimi qiymətləndirildiyini qeyd etmiş və bunu ölkənin iqtisadi müstəqilliyi, beynəlxalq əlaqələri və öz taleyini müəyyən etmək imkanları ilə əlaqələndirmişdir. Burada diqqətçəkən məqam Azərbaycanın özünü hansısa böyük gücün siyasi orbitində deyil, müstəqil aktor kimi təqdim etməsidir. Çıxışın xarici siyasət baxımından ən mühüm mesajlarından biri məhz budur: Azərbaycan müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edə bilər, lakin özünü heç bir siyasi düşərgə ilə məhdudlaşdırmır.
Prezident Azərbaycanın müxtəlif qütblərlə əlaqələr qurduğunu, yeni beynəlxalq formatlarda iştirak etdiyini və bundan sonra da xarici siyasətin daha fəal xarakter daşımalı olduğunu bildirib. Bu, klassik mənada sadəcə balans siyasəti deyil, Azərbaycanın öz milli maraqlarına uyğun olaraq müxtəlif istiqamətlərdə paralel əməkdaşlıq imkanlarını genişləndirməsi kimi təqdim olunur. Bu baxımdan ABŞ və Çinlə münasibətlərə xüsusi diqqət yetirilməsi təsadüfi görünmür. Çıxışda Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin, ABŞ-la isə Strateji Xartiyanın imzalanması Azərbaycanın iki qlobal güc mərkəzi ilə münasibətlərinin yeni mərhələyə keçməsi kimi təqdim edilir. Prezident bu iki ölkəni dünyanın iki supergücü kimi xarakterizə edərək Azərbaycanla onların hər ikisi arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu vurğulayıb. Burada mühüm siyasi mesaj ondan ibarətdir ki, Azərbaycan ABŞ-Çin rəqabətinin tərəfi kimi çıxış etmək niyyətində deyil. Əksinə, hər iki güc mərkəzi ilə milli maraqlar əsasında münasibətlər qurmaq xətti ön plana çəkilir. Bu yanaşma Azərbaycanın xarici siyasətində geosiyasi rəqabətlərdən kənarda qalmaqla yanaşı, həmin rəqabətlərin yaratdığı əməkdaşlıq imkanlarından istifadə etmək cəhdini göstərir.
Avropa istiqamətində də oxşar yanaşma müşahidə olunur. Çıxışda Avropa İttifaqına üzv dövlətlərin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrinin və digər sənədlərin mövcud olduğu qeyd edilmişdir. Bu, Azərbaycanın Avropa ilə münasibətlərini yalnız siyasi dialoqla məhdudlaşdırmadığını, enerji, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə uzunmüddətli əməkdaşlıq mexanizmləri qurduğunu göstərən fakt kimi təqdim edilir. Eyni zamanda, çıxışın əvvəlki hissələrində Avropa Parlamentinin Azərbaycana münasibətinə dair tənqidi fikirlər səsləndirilməsi onu göstərir ki, Bakı Avropa institutları daxilindəki müxtəlif mövqeləri eyniləşdirmir və dövlətlərarası münasibətlərlə ayrı-ayrı siyasi qurumların mövqelərini fərqləndirir.
Çıxışın digər mühüm istiqaməti İslam dünyası və Türk dünyası ilə əlaqələrdir. Azərbaycanın D-8-ə üzv olması, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri və gələcəkdə Azərbaycanda İƏT Zirvə Görüşünün keçirilməsi xüsusi qeyd edilmişdir. Prezident İslam ölkələri arasında münaqişələrin mövcudluğundan narahatlığını ifadə edərək Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsində birləşdirici rol oynamaq istəyini vurğulayıb. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni səviyyəyə yüksəlməsi də diqqətəlayiq məqamdır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın tərkibində olmasa da, Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsini Prezident siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin nəticəsi kimi təqdim etmişdir. Bu, Azərbaycanın Cənubi Qafqazla məhdudlaşmayan regional aktor kimi mövqeyinin genişləndiyini göstərən mühüm göstəricilərdən biri kimi qiymətləndirilə bilər.
Prezidentin çıxışında ayrıca diqqətçəkən məqamlardan biri Azərbaycanın konkret olaraq hansısa dövlətin adından daha çox ümumi prinsip üzərində dayanmasıdır. Prezidentin “heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq” fikri Azərbaycanın bütün böyük güclərlə münasibətlərində strateji balans xəttini əsas götürdüyünü göstərir. Bu mesaj həm Şərq, həm Qərb, həm Şimal, həm də Cənub istiqamətlərinə aid ümumi xarici siyasət prinsipidir.
Ermənistanla bağlı mesajlar isə çıxışın mühüm hissəsini təşkil edir. Prezident bir tərəfdən Azərbaycanla Ermənistan arasında artıq münaqişənin və müharibənin olmadığını, sərhədlərdə sakitliyin hökm sürdüyünü, sülh müqaviləsinin paraflandığını və təmasların başladığını bildirib. Digər tərəfdən, Azərbaycanın hərbi gücünün artırılmasının davam etdirilməsini qarşıdakı əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu iki istiqamət ilk baxışda ziddiyyətli görünsə də, çıxışın məntiqində onlar bir-birini tamamlayır: sülh prosesi davam etdirilir, lakin milli təhlükəsizlik və müdafiə qabiliyyəti zəiflədilmir.
Prezidentin hərbi gücün artırılması ilə bağlı fikirlərinin digər səbəbi isə Azərbaycanın yerləşdiyi region və daha geniş beynəlxalq mühitlə əlaqələndirilir. Şimalda, cənubda və Yaxın Şərqdə davam edən müharibələr fonunda beynəlxalq hüququn təsir imkanlarının zəiflədiyi barədə mövqe səsləndirilmişdir. Bu kontekstdə Azərbaycanın öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətindən asılı vəziyyətdə saxlamaması və hər hansı təxribata qarşı yetərli imkanlara malik olması zərurəti vurğulanıb. Məhz burada çıxışın “ideoloji təhlükəsizlik” anlayışı ilə bağlı hissəsi xüsusi əhəmiyyət qazanır. Prezident müasir dünyada təhlükəsizliyin artıq yalnız sərhədlərin və hərbi obyektlərin qorunmasından ibarət olmadığını, internet, kiberməkan, sosial media və süni intellekt mühitində ideoloji təsirlərin də milli təhlükəsizliyin bir elementi olduğunu bildirib. Bu səbəbdən təhsilin və vətənpərvərliyin cəmiyyətin ideoloji dayanıqlığının əsas vasitələri olduğu vurğulanıb.
Həqiqətən də ümumi olaraq nəzər salsaq, görərik ki, müasir dünyada dövlətlərin təhlükəsizliyi artıq yalnız sərhədlərin və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının, sosial medianın, kiberməkanın və süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə milli şüurun, ictimai düşüncənin və ideoloji dayanıqlığın qorunması da dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin fikirləri göstərir ki, ideoloji təhlükəsizliyin əsas dayaqları yalnız texnoloji imkanlar deyil, həm də təhsilli və savadlı cəmiyyət, milli-mənəvi dəyərlərə bağlılıq və güclü vətənpərvərlik hissidir: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına.”
Çıxışda xarici ölkələrə yönələn daha açıq mesaj da məhz bu hissədə səslənir. Prezident xarici siyasətin elə qurulmasının vacibliyini vurğulayıb ki, heç bir dövlət Azərbaycanın daxili işlərinə müdaxilə etmək imkanına malik olmasın. Cənab Prezidentin fikirləri Azərbaycanın xarici siyasətdə asılılıq modelini qəbul etmədiyini ifadə edən prinsipial siyasi mesaj kimi nəzərdən keçirilə bilər.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasınıın VIII Qurultayındakı çıxışında diqqəti cəlb edən məqamlardan biri də yalnız ideoloji fəaliyyətin qarşısında duran vəzifələri deyil, Azərbaycanın informasiya məkanına yönələn xarici təsir cəhdlərinin mahiyyətini açıb ortaya qoymasıdır. Dövlət başçısının çıxışında konkret olaraq bəzi xarici ölkələrdə Azərbaycan dilində resursların yaradılmasına toxunması, bu resursların Azərbaycan cəmiyyətinə təsir göstərmək, milli birliyi zəiflətmək və ölkənin müstəqil siyasətinə təsir etmək məqsədi daşıya biləcəyini vurğulaması məsələnin geosiyasi ölçüsünü ortaya çıxarır. Prezidentin fikirlərində həm regiondakı, həm də Qərb ölkələrindəki müəyyən informasiya platformalarına münasibətdə ciddi mesajlar yer alır. Bu kontekstdə Prezidentin səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir: “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir…”
Dövlətin beynəlxalq nüfuzu yalnız ərazisinin böyüklüyü, malik olduğu resurslar və güclü silahları ilə deyil, həm də onun siyasi etibarlılığı, sözünə sadiqliyi və qərarlarında nümayiş etdirdiyi strateji məsuliyyətlə müəyyən olunur. İkili standartlar və riyakarlıqla üzləşdiyi halda belə prinsipiallığını qorumaq, əldə edilmiş qələbədən sonra emosiyalara deyil, uzaqgörənliyə və milli maraqlara əsaslanmaq dövlət siyasətinin yetkinliyinin mühüm göstəricisidir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi bu fikirlər Azərbaycanın dövlətçilik və siyasi fəaliyyət fəlsəfəsinin mühüm məqamlarını özündə əks etdirir: “Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir. Nəyi deyiriksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür. Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək, baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı.”
Bu fikirlərin ardınca Azərbaycanın beynəlxalq münasibətlərdə daha fəal rolunun vurğulanması da təsadüfi deyil. Azərbaycan yalnız öz təhlükəsizliyini təmin edən dövlət kimi deyil, eyni zamanda müxtəlif tərəflər arasında dialoq üçün platforma yarada bilən ölkə kimi təqdim edilir. Prezidentin fikrincə, bir-biri ilə ciddi ziddiyyətləri olan dövlətlərin nümayəndələrinin Azərbaycanda görüşməsi ölkəyə olan etimadın göstəricilərindən biridir. Bu baxımdan Azərbaycanın diplomatik imkanları onun coğrafi ölçülərindən daha geniş siyasi təsir sahəsi yaratmaq cəhdi kimi çıxış edir.
Çıxışın iqtisadi və enerji hissəsi də xarici siyasətlə birbaşa əlaqəlidir. Azərbaycan enerji resurslarının istehsalçısı və ixracatçısı olmaqla yanaşı, enerji təhlükəsizliyi məsələsində artan rola malik ölkə kimi təqdim edilir. Neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı Azərbaycanın iqtisadi potensialının mühüm komponentləri kimi qeyd olunub. Enerji resurslarına tələbatın geosiyasi böhranlar fonunda artmasının Azərbaycanın beynəlxalq əhəmiyyətini yüksəldə biləcəyi fikri də bu kontekstdə səsləndirilib. Nəqliyyat məsələsi də enerji siyasəti ilə birlikdə Azərbaycanın geosiyasi rolunun ikinci dayağı kimi təqdim olunur. Orta Dəhliz və Şimal-Cənub Dəhlizi çərçivəsində tranzit imkanlarının genişləndirilməsi Azərbaycanın yalnız enerji xəritəsində deyil, həm də Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin xəritəsində mühüm mövqe tutmasına şərait yaradır. Prezident Azərbaycan ərazisindən keçən tranzit yüklərin orta müddətdə 30 milyon tona çatdırılmasını hədəf kimi göstərib.
Bütün bunlar göstərir ki, VIII Qurultaydakı çıxışın əsas mesajlarından biri Azərbaycanın qarşıdakı mərhələdə yalnız əldə edilmiş nəticələri qorumaqla kifayətlənməməsi, mövcud geosiyasi və iqtisadi imkanlarını daha da genişləndirməsidir. Bu baxımdan müdafiə qabiliyyəti, ideoloji təhlükəsizlik, iqtisadi müstəqillik, enerji və nəqliyyat imkanları, çoxvektorlu diplomatiya və beynəlxalq təşkilatlarda fəal iştirak bir-birindən ayrı istiqamətlər deyil, vahid dövlət strategiyasının elementləri kimi təqdim olunur.
Qənaətimizcə, VIII Qurultayda səsləndirilən fikirlərin mühüm hissəsini bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycan yeni dövrdə öz təhlükəsizliyini təmin edən, milli maraqlarını müstəqil müəyyənləşdirən və müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərini öz şərtləri əsasında qurmağa çalışan dövlət kimi çıxış edir. Bu yanaşma həm Azərbaycan xalqına, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş mesajları özündə birləşdirir.
Azərbaycan üçün qarşıdakı mərhələnin əsas vəzifəsi əldə edilmiş hərbi-siyasi nəticələri davamlı sülhə, iqtisadi inkişafı daha geniş imkanlara, geosiyasi mövqeni isə daha böyük diplomatik təsirə çevirməkdir. Prezidentin çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış, sosial rifah, iqtisadi inkişaf, investisiyaların cəlbi və maliyyə sabitliyi də strateji prioritetlər sırasında qeyd edilmişdir.
Beləliklə, YAP-ın VIII Qurultayında səslənən mesajlar yalnız partiya qarşısında duran vəzifələrin çərçivəsində qalmır. Çıxış Azərbaycanın postmünaqişə dövründə hansı dövlət modelini formalaşdırmağa çalışdığını da göstərir: güclü müdafiə qabiliyyətinə malik, iqtisadi cəhətdən müstəqil, xarici təsirlərə qarşı dayanıqlı, müxtəlif geosiyasi qütblərlə əməkdaşlıq edən və heç bir qütbdən siyasi asılılıq yaratmayan dövlət. Bu baxımdan VIII Qurultay çıxışını Azərbaycanın yeni mərhələdə xarici siyasət və milli təhlükəsizlik konsepsiyasının mühüm siyasi çərçivəsini təqdim edən çıxışlardan biri kimi xarakterizə etmək mümkündür. Qarşıdakı dövrdə əsas məsələ isə bu strateji istiqamətlərin konkret dövlət siyasəti, iqtisadi layihələr, diplomatik təşəbbüslər və cəmiyyətin inkişafı ilə necə tamamlanacağıdır.
Emin ŞIXƏLİYEV
Naxçıvan MR Ali Məclisinin deputatı
