Naxçıvanda xüsusi kateqoriyalı 28 gənc ali və orta ixtisas təhsilinə qəbul olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olan sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrlə görüş keçirilib.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb.
Komitə sədri bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq-gənclər siyasəti uşaqların hüquq və sağlamlığının qorunmasına, onların bilik və bacarıqlarının artırılmasına, milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi formalaşmasına geniş imkanlar yaradır.
Qeyd olunub ki, bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaq və gənclərlə bağlı həyata keçirdiyi çoxşaxəli fəaliyyətdir. Onun təşəbbüsləri uşaqların hərtərəfli inkişafına, gənclərin elm, mədəniyyət və idman sahələrində uğurlarının artırılmasına mühüm töhfələr verir.
Ramilə Seyidova diqqətə çatdırıb ki, Komitə tərəfindən uşaq hüquq və mənafelərinin qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır, uşaqların qarşılaşdıqları problemlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Bildirilib ki, 2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında 3700 nəfər XI sinfi bitirib. Onlardan 1772 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olanların 985-i qız, 787-si isə oğlandır. Qəbul olunanlar arasında 12 nəfər sağlamlıq imkanları məhdud, 2 nəfər isə valideyn himayəsindən məhrum olan gəncdir.
XI sinif bazasından orta ixtisas təhsili müəssisələrinə isə 459 nəfər qəbul olub. Onlardan 11-i sağlamlıq imkanları məhdud, 3-ü isə valideyn himayəsindən məhrum olanlardır.
Beləliklə, ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlardan ümumilikdə 28 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Komitə sədri tələbələri, onların valideynlərini və himayədarlarını bir daha təbrik edib, gənclərin gələcəkdə dövlət üçün savadlı, peşəkar və layiqli kadrlar olacağına əminliyini ifadə edib.
Komitə sədrinin müavini Aytən Məmmədova da tələbələri təbrik edərək onlara təhsil həyatında uğurlar arzulayıb.
Görüş zamanı valideyn Nüşabə Hüseynova, tələbə Laçın Əliyeva və digər tələbələr göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda tələbələrə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.