Naxçıvanda polis əməkdaşları məktəblilərlə maarifləndirici görüşlər təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yerləşən ümumtəhsil müəssisələrində şagirdlərlə maarifləndirici görüşlər təşkil olunub.
Profilaktik xarakter daşıyan tədbirlər çərçivəsində məktəblilərlə “Sağlam gələcək naminə düzgün seçim”, “Yol təhlükəsizliyi – hər birimizin məsuliyyətidir” və “İnternetdən təhlükəsiz istifadə və kibertəhdidlərdən qorunma” mövzularında söhbətlər aparılıb.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib.
Şagirdlərin diqqətinə çatdırılıb ki, narkotik vasitələrdən istifadə insanın sağlamlığına ciddi zərər vurmaqla yanaşı, onun gələcək həyatına və cəmiyyətə inteqrasiyasına da mənfi təsir göstərir. Gənclərin zərərli vərdişlərdən uzaq durmasının, asudə vaxtlarını faydalı fəaliyyətlərə yönəltməsinin və sağlam həyat tərzinə üstünlük verməsinin vacibliyi vurğulanıb.
Görüşlərdə yol hərəkəti təhlükəsizliyi məsələlərinə də geniş yer ayrılıb. Məktəblilərə piyada hərəkəti zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi, yol nişanlarının tələbləri, işıqforun siqnallarının düzgün qiymətləndirilməsi və piyada keçidlərindən istifadə qaydaları izah olunub. Bildirilib ki, yol hərəkəti iştirakçılarının qaydalara məsuliyyətlə yanaşması yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, rəqəmsal platformalardan istifadə zamanı qarşılaşa biləcəkləri təhlükələr barədə şagirdlərə ətraflı məlumat verilib. Sosial şəbəkələrdə naməlum şəxslərlə yazışarkən ehtiyatlı davranmaq, şəxsi və bank məlumatlarını digər şəxslərlə bölüşməmək, şübhəli keçidlərə daxil olmamaq və aldadıcı məzmunlardan uzaq durmaqla bağlı tövsiyələr səsləndirilib.
Kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində həyata keçirilən profilaktik tədbirlər də diqqətə çatdırılıb.
Həmçinin, görüşlər zamanı gənclərə Polis Akademiyasında təhsil almaq imkanları, ali hüquq təhsilinin üstünlükləri, qəbul prosesi, tədrisin təşkili və Akademiyada yaradılmış müasir təlim şəraiti barədə ətraflı məlumat verilib. Eyni zamanda, daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri, xidmət zamanı gənclər üçün yaradılan imkanlar və dövlət tərəfindən təqdim olunan sosial təminatlar diqqətə çatdırılıb. Maarifləndirmə tədbirlərində şagirdlərə Akademiyada təhsil alan tələbələrin qidalanma, geyim və yataqxana ilə təmin olunması, müasir təhsil texnologiyalarından istifadə, eləcə də peşəkar hüquqşünas və polis əməkdaşı kimi formalaşmaq üçün yaradılan imkanlar barədə məlumat verilib.
Maarifləndirici görüşlər zamanı şagirdlərə mövzular üzrə videoçarxlar nümayiş etdirilib, müxtəlif situasiyalar ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.