Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər

A- A A+

Laçın rayonunun işğalından 27 il keçir. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.

NUHÇIXAN Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min kubmetr olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min kubmetr olan və kərpic-kirəmit istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min kubmetr olan Quşçu pemza, ehtiyatları 15794 min kubmetr olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min kubmetr/gün olan Minkənd mineral su yataqları vardır.

Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı da hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardır.

1961-ci ilin noyabrda heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan yasaqlığın ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ və s. heyvanlar, qırqovul 200, kəklik 1500 baş və s. quşlar qeydə alınıb. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) var idi. Həmin ağacın materialından vaxtilə qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə edilib. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.

Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektara və ya 80,05 faizə bərabər idi. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edib.

Rayonda vaxtilə Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 şərq çinarı, meşə təsərrüfatının dövlət meşə fondunda 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıdın qırılaraq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağaclarının isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədilə İrana və Avropa ölkələrinə satılması, Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsinin isə tamamilə qırılması faktını aşkarlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: