Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmaqla dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədilə gənc hüquqşünasların tam aşkarlıq şəraitində şəffaf və obyektiv prosedurlar əsasında prokurorluq orqanlarında qulluğa qəbulu üzrə görülən tədbirlər davam etdirilir.
Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş sayca 28-ci müsabiqənin Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 9-da ilkin mərhələsi olan test imtahanı keçirilib.
İmtahan saat 10:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda təşkil olunub və imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.
Müsabiqədə iştirak etmiş 325 namizəddən 70 və daha artıq bal toplamış 137 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.
Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.
İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək.
