Vənənd kəndi Ordubad rayonunun ən iri yaşayış məntəqələrindən biridir. Rayon mərkəzindən 17 kilometr şimal-qərbdə yerləşən bu qədim və əsrarəngiz yurd yerində 2763 nəfər əhali yaşayır. Onlar 807 təsərrüfatda cəm olublar. Əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, kartofçuluq və heyvandarlıq əhalinin əsas məşğuliyyət növlərindən və gəlir gətirən sahələrindəndir. Son illər kənd təsərrüfatının müəyyən sahələri üzrə diqqətçəkici uğurlara imza atılıb. Vənənd kəndinin əhalisinin bir qismi isə heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olurlar.
Son illər əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində Vənənddə onlarla müasir və gözoxşayan fərdi yaşayış evləri tikilib.
Kənddəki ikimərtəbəli ticarət mərkəzi və “Xan Çinar” şadlıq sarayı da son illər inşa olunan müasir tikililərdəndir.
Qədim türk tayfası vənədlərin adı bu kəndin adı ilə bağlıdır. Buradakı qədim qəbiristandan qoç fiqurlu qəbirüstü daş abidələr tapılıb. Vənənddə orta əsrlərə aid qədim məscid mövcuddur. Düzbucaqlı formada olan məscidin sahəsi 375 kvadratmetr, hündürlüyü isə 7 metrdir. Bu məscidin yaxınlığında yaşı yüz illərlə ölçülən çınar kənd meydanına xüsusi gözəllik verir.
Bu ilin əvvəlindən isə kənddə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları tərəfindən kompleks quruculuq işlərinə başlanılıb. Öncə onu qeyd edək ki, kənd tam orta məktəbi ötən əsrin yetmişinci illərində inşa olunduğundan dərs prosesini müasir tələblər səviyyəsində keçirmək mümkün olmurdu. İnşaatçılar birinci olaraq bu obyektin əsaslı surətdə təmir-bərpa edilməsi işlərinə başlayıblar. Qısa zaman ərzində 432 şagird yerlik olacaq binanın qapı və pəncərələri, döşəməsi, elektrik və rabitə xətləri, cardağı yenilənib. Hazırda bina daxilindəki arakəsmələr müasir standartlara uyğun hala gətirilib, binadaxili divarlara ilkin suvaq çəkilib. Binanın fasadı da suvanıb. Hazırda məktəbin istilik sistemi və fasad üzərinə mərmər pilitələr çəkilməsi işləri həyata keçirilir.
İnşa olunun təhsil ocağından bir qədər aşağıda isə Vənənd Kənd Uşaq Musiqi Məktəbi üçün bina tikilir. Zirzəmisi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq bu obyektdə inşaatçılar qısa zaman ərzində zirzəminin dəmir beton işlərini yerinə yetiriblər.
Vənənd kəndində inşa olunan digər tikili isə kənd mərkəzinin binasıdır. Hazırda ikinci mərtəbənin hörgü işləri aparılan kənd mərkəzi istifadəyə verildikdən sonra burada icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının ərazi ilk təşkilatı, baytarlıq, poct, mədəniyyət evi, kitabxana, rabitə evi, polis sahə məntəqəsi üçün də hər cür şərait yaradılacaq.
Vənənd kəndində inşa olunan həkim ambulator məntəqəsi kənd məktəbi ilə üzbəüz ərazidə yerləşir. Bu binanın da hörgü işləri tamamlanıb. İnşaatçılar binanın dam örtüyünün qurulması işləri ilə məşğul olurlar.
Əhaliyə nümunəvi ticarət və məişət xidməti göstərilməsi üçün bu yaşayış məntəqəsində müasirtipli xidmət mərkəzi inşa olunacaq.
Bütün bu sadalanan ünvanlar istifadəyə verildikdən sonra isə əhaliyə göstərilən xidmətin səviyyəsi daha nümunəvi qaydada olacaq, təhsil sahəsində isə uğurların sayı çoxalacaqdır.
“El həyatı” qəzeti