Ahıl vətəndaşların, təqaüdçülərin rahatlığını, asudə vaxtının səmərəli təşkilini və istirahətlərini təmin etmək məqsədi ilə rayon mərkəzində “Təqaüdçülər klubu” yaradılır.
2 mərtəbədən ibarət olacaq klubda inzibati otaqlar, bufet, şahmat otağı, stolüstü oyunlar üçün nəzərdə tutulmuş otaqlar yerləşəcəkdir.
Qeyd edək ki, əvvəllər müxtəlif məqsədlərlə istifadə olunmuş, sonradan rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən binanın dam örtüyü tamamilə götürülür, layihəyə uyğun yeni örtük qurulmasına hazırlıq görülür. Həmçinin, daxildə və fasad hissədə uyğunlaşdırma işləri aparılır.
Ümumiyyətlə, burada təqaüdçülərin rahatlığı, istirahəti üçün hər cür şərait yaradılır.
Növbəti quruculuq və abadlaşdırma işləri Şərur şəhərinin Məhərrəm Seyidov küçəsində aparılır. Ərazidə yerləşən üçmərtəbəli binada bərpa işləri aparılaraq mərasim evi kimi uyğunlaşdırılır. 3 mərtəbədən ibarət olacaq mərasim evində təmir işləri aparılır, qapı və pəncərələr dəyişdirilir.
Mərasim evinin 2-ci mərtəbəsində qadınlar, 3-cü mərtəbəsində isə kişilər üçün geniş zallar olacaq. Binanın ətrafının abadlaşdırılması, həyətdə işıqlandırma işləri nəzərdə tutulub.
Mehman Məmmədov
“Şərurun səsi” qəzeti