Əlyazma mətnlərdən aydın olur ki, Naxçıvan nəinki müasir dövrdə, həmçinin tarixdə, xüsusən orta əsrlərdə tibb elminin inkişafında əvəzsiz xidmətləri olan böyük şəxsiyyətlər yetirib. Bunlardan biri də Şərq aləmində tanınmış filosof və həkim Nəcməddin Naxçıvanidir. O, öz dövrünün böyük filosof və mütəfəkkiri olmaqla yanaşı, həm də tibb sahəsində zəngin biliyə malik şəxsiyyət kimi tanınıb. Nəcməddin Naxçıvanda təhsil alıb, elmin bütün sahələrini mükəmməl öyrənib. Ömrünün müəyyən hissəsini Azərbaycanda yaşayıb və Marağa rəsədxanasında çalışıb. XIII əsrdə yaşayan Nəcməddin Naxçıvani özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapıb. Nəsirəddin Tusinin tələbəsi, məşhur alim İbn əl-İbri (1226-1286) Nəcməddin Naxçıvani barədə yazırdı: “O, böyük fəzilət sahibi, dəqiq elmlərin dərindən bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu. Ölkələri səyahətə çıxdı, xeyli gəzib dolaşdı, axırda Kiçik Asiyaya daxil oldu, böyük mənsəblər tutdu. Oradan Suriyaya yola düşdü”.
Naxçıvanın filosof və təbibinin, həmçinin böyük mütəfəkkir-aliminin haqqında Məhəmməd Bağır Xansari (1811-1895) yazır: “O böyük şəxsiyyət Naxçıvan şəhərindən idi və İbn Sinanın əsərlərinə şərhlər yazırdı”.
Qeyd edək ki, dahi filosof haqqında məlumatlara bir çox mənbələr və təzkirələrdə rast gəlinir. Əlyazmalarda filosof və həkim Nəcməddin Naxçıvani haqqında belə deyilir: “Naxçıvani bir filosof kimi Şərq peripatetizminin (banisi Aristotel sayılan xüsusi fəlsəfi məktəbin) mükəmməl bilicisi olub, ancaq ardıcıl aristotelçi olmayıb. O, İbn Sinanın kitablarını tənqidi planda araşdırıb, onun bəzi doktrinalarına qarşı öz etirazını bildirib. Mübahisə doğuran fəlsəfi məsələlərdən biri nəfsə dair idi. İnsan cisminin məhvindən sonra nəfsin yaşamasına inanan Naxçıvani Şərq peripatetiklərinin əleyhinə olaraq İbn əl-İbraninin qeyd etdiyi kimi, “tənəsüx təliminə” güclü meyil etmişdir”.
XIII əsrdə yəhudi filosofu İbn Kəmmunə İsraili də başqaları kimi Nəcməddin Naxçıvaninin əsərlərinə şərh yazaraq peripatetik fəlsəfə ilə ona qarşı yönəldilən tənqidi fikirləri barışdırmağa səy göstərib. Xucəndi isə Nəcməddin Naxçıvaninin İbn Sina təliminə dair dediyi tənqidi fikirləri qəbul etməyib.
Filosofun bir neçə əsəri bütün dünyada tanınır. “Məntiqin məğzi və fəlsəfənin xülasəsi” (“Lübab əl-məntiq və xülasət əl-hikmət”) traktatının bir əlyazması Nəcəf şəhərində mühafizə edilir. Onun İbn Sinanın “Tibb qanunu” (“əl-Qanun fi-tibb”) kitabına yazdığı şərh Parisdə, “İşarələr və qeydlər” (“əl-İşarət vət-təlbihat”) kitabına yazdığı şərh İstanbulda saxlanılır.
Naxçıvanlı həkim haqqında rast gəldiyimiz bu maraqlı məlumatlar qədim diyarımızın mədəniyyət mərkəzlərindən biri kimi, məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetirən torpaq kimi tarix boyu diqqət mərkəzində olduğunun səbəbini bir daha açıqlayır.
Bəli, Naxçıvan mühiti tarixin hər dövründə dəyərli ziyalılar yetirib. Kəngərlilər, Şahtaxtinskilər, Hinduşahlar və sair kimi adlı-sanlı nəsillərin yurd yeri olan Naxçıvan torpağı keçmişdə də, müasir dövrdə də elmin, mədəniyyətin beşiyi olub.
Əvvəllər mühitlərin bir-birinə təsiri elm adamlarının tanış olduğu diqqətçəkən və yeniliyin duyulduğu materialların səyyahlar tərəfindən öz ölkələrinə aparılması, ya da əsərlərində bu məlumatlardan bəhs edib onu əsaslandırması hesabına yayılırdı. Ərazidən-əraziyə daşınan fikirlər daşındığı regionun tələblərinə uyğun istiqamət və mövqe dəyişdirirdisə də, ümumiləşmiş fikir olduğu kimi qalırdı. Qısaca, yarandığı yerdən qoparılmağa cəhd olunan insanlar kimi, fikirlər də nə qədər dəyişikliyə məruz qalırlarsa-qalsınlar, məxsus olduqları regionun izlərini daşımaqdadırlar. Bu, dildə də, ədəbiyyatda da, tarixdə də, incəsənətdə və sair sahələrdə də belədir. Bəzi əsərlərdə isə ortaq arqumentlər, ortaq fikirlər nəzərə çarpır. Bu oxşarlıqlar, fərqliliklər, bəhrələnmə, istinadlar, icazəli və icazəsiz köçürmələr, xalqların ortaq mədəniyyətlərinin tədqiqi zamanı ortaya çıxan və mübahisələrə səbəb olan başlıca amillərdir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə dəyərlərimizin özümüzə qaytarılması yolunda addımlar atıldı. Böyük nailiyyətlər əldə edildi. Ümummilli liderin uğurlu siyasətinin davamı olaraq bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda dünənə böyük ehtiram var. İndi bir çox naxçıvanlı sənətkarın əsərləri yenidən nəşr olunur, folklor nümunələri toplanılır, nəşr edilir, bununla birlikdə Naxçıvandan uzaq düşmüş şəxsiyyətlərin əsərləri axtarılıb tapılır, özümüzə qaytarılır. Bu yolda uğurlu və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Biz gənclərin borcu isə mədəniyyətimizə, tariximizə, folklorumuza, milli dəyərlərimizə sahib çıxmaq, onları qorumaq və gələcək nəsillərə tam, dolğun mədəniyyət və gələcək ərməğan etməkdir.
Nərgiz İsmayılova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru
“Oğuz səsi” qəzeti