Arpaçay dəryaçası suvarma suyuna olan tələbatı tam ödəyir

A- A A+

Bu gün Şərur rayonunun kəndləri gözlərimiz qarşısında dəyişir, abadlaşır, gözəlləşir, kənd adamının gün-güzəranı daha da yaxşılaşır, gəlirləri ildən-ilə artır, qazancları çoxalır. Ən əsası isə odur ki, təknəsindən çörəyi əskik olmur.

Əldə edilmiş uğurlarda, heç şübhəsiz, su təsərrüfatı işçilərinin də payı var. Əgər taxılçı, üzümçü, kartof, bostan-tərəvəz əkən, bağ-bağat yaradan kənd adamı ilin isti keçən yaz-yay aylarında suvarma suyundan korluq çəkmirsə bu, nəticə etibarilə bol məhsul deməkdir. Bu bir həqiqətdir ki, indi kəndin, kənd adamının üz tutduğu, konkret kömək  gördüyü qurumlardan biri də su təsər­rüfatı işçiləridir.

Meliorasiya və su təsərrüfatı sahəsindən danışarkən hökmən ötən əsrin 70-80-ci illərini, xalqımızın böyük oğlu, ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illəri xatırlamamaq mümkün deyil. Əslində, nəinki muxtar respublikamızda, eləcə də Şərur rayonundakı məhsul bolluğunun bünövrəsi məhz həmin illərdə qoyulub.

1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tutumu 150 milyon kubmetr olan nəhəng Arpaçay Su Anbarının istifadəyə verilməsi isə çayın sağ və sol sahələrindəki təsərrüfatların su təchizatında ciddi dönüş yaradıb, rayonun bərəkətli, münbit torpaqlarını cana gətirib. Dəryaça hər il 40 min hektardan artıq əkinəyararlı torpaq sahəsinə həyat verir.

Dəryaçanın Aşağı Yaycı kəndi ərazisindəki supaylayıcı qurğusundan qidalanan sağ və sol sahil kanalları, həmçinin çayın yatağı ilə təkcə Şərurun yox, həm də Sədərək və Kəngərli rayonlarının torpaq sahələri suvarma suyu ilə təmin edilir.

Şərur rayonunda hər il 17 min hektardan artıq suvarılan sahədə müxtəlif bitkilər əkilir ki, bunun da əsas hissəsi Arpaçay dəryaçası vasitəsi ilə suvarılır. Əkinlərin çox hissəsini taxıl, kartof, tərəvəz, qar­ğıdalı, günəbaxan, bostan və paxlalı bitkilər təşkil edir. Meyvə bağları və yaşıllıqlar da ildən-ilə genişlənir. Bu sahələrin vaxtında su ilə təmin edilməsi isə Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı  İdarəsinin öhdəsinə düşür.

Rayon Meliorasiya və Su Təsəsrrüfatı İdarəsi suvarma mövsümünə qədər hidrotexniki qurğularda, nasos stansiyalarında və digər sahələrdə əsaslı və cari təmir işlərini başa çatdırıb, arx və kanallar lildən təmizlənib, qrunt sularının səviyyəsinin aşağı salınması istiqamətində tədbirlər davam etdirilib.

Hazırda Şərur kəndlisi 2019-cu ilin bol məhsuluna etibarlı bünövrə qoymağa çalışır, əkilmiş sahələrin becərilməsi, həmçinin yaz əkinləri davam etdirilir. İndiki halda əsas vəzifə mövcud su mənbələrindən səmərəli istifadə etməklə, hər sahədə bol məhsulun yetişdirilməsinə nail olmaqdır.

Qeyd edək ki, artıq Arpaçay dər­yaçasında su maksimum səviyyədədir. Bu, belə deməyə əsas verir ki, həmişə olduğu kimi, bu mövsümdə də əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasında heç bir problem olmayacaq.

 

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: