Özünüdərketmə bir psixoloji məsələ kimi insanları həmişə düşündürüb və bu gün də bu məsələ aktualdır. Böyük mütəfəkkirlərin əsərlərində özünüdərketmə probleminin sosial-psixoloji təhlili ətraflı şəkildə verilib. Həmin ideyalar sonrakı dövrlərdə Azərbaycanda psixoloji fikrin inkişafına böyük təsir göstərib. Psixoloji ideyalar özünü 12-16-cı əsrlərdə, xüsusən Nəsimi yaradıcılığında daha qabarıq surətdə göstərib.
İmadəddin Nəsimi şəxsiyyətin mənəvi azadlığının carçısı kimi insanı, onun yaradıcı dühasını tərənnüm edib. O, yaradıcılığının ilk dövrlərində sufizm mövqeyində dayanmış, sonralar isə ömrünün axırına kimi hürufizmin əsas ideoloqlarından biri olaraq qalmışdı.
Nəsiminin nöqteyi- nəzərincə, insan mürəkkəb quruluşa malik, həm genetik, həm də sosial cəhətdən şərtlənmiş dərin fərdiyyəti olan şüurlu varlıqdır. Onun fikrincə, bu amillər insanın davranışını şərtləndirir, lakin şəxsiyyətin formalaşmasında üstün mövqeyi həyatda qazanılan keyfiyyətlər təşkil edir. Həm də belə insani keyfiyyətlərin təşəkkülü daha çox tərbiyə və özünütərbiyədən asılıdır. O, insan münasibətlərinin təhlilinə də bu cəhətdən yanaşırdı. Nəsimi şəhvət, qəzəb, həsəd, təkəbbür, hərislik və s. kimi insanı alçaldan hisslərdən uzaq olmağı xüsusi olaraq qeyd edirdi. Şairin öz ideyası uğrunda inadlı mübarizəsi və bu yolda göstərdiyi misilsiz dəyanət və məsləyi uzun müddət xalq arasında danışılıb, nağıl kimi dillərdə söylənilib. Bu səbəbdən də Nəsimi haqqında bir sıra rəvayətlər yaranıb, ölümü əfsanəvi bir şəkildə nəql olunub. İllər keçdikcə şairin həqiqi tərcümeyi-halı da bu deyilənlərə qarışaraq əfsanəviləşib. Nəsimi zəngin irs qoyub gedib. Onun əsərlərində insan, insan ləyaqətinə, insan qüdrətinə yüksək inam tərənnüm edilir. Bu əsərlərdə insan həyatın yaradıcısı, həyati gözəlliklərin əsil mənbəyi kimi təriflənir. Yaxşı insani sifətlər təbliğ edilir. Şair didaktiki əsərlərində müasirlərində gördüyü pis sifətləri tənqid edir, onları mərdliyə, mübarizliyə, gözəlliyin qədrini bilməyə çağırır. Onun əsərlərində insanın nələrə qadir olduğu göstərilir. Nəsiminin fikirləri, ideyaları bəzi insanlar tərəfindən qəbul edilmir, Allahı inkar etdiyi düşünülür. Lakin, Nəsimi insanlara öz “mən”lərini tanımalarını, özünü dərk etmələrini, özlərinin necə bir qüvvəyə sahib olduqlarını çatdırmağa çalışırdı. Onun ictimai fikirlərini əks etdirən qəzəlinə nəzər salaq:
Mən mülki- cəhan, cəhan mənəm, mən,
Mən həqqə məkan, məkan mənəm, mən.
Mən ərşilə fərşü kafü nünəm,
Mən şərhi bəyan, bəyan mənəm, mən.
Mən kövni məkanü “ kün-fəkan” əm
Bilgil ki, nişan, nişan mənəm, mən.
Mən atəşi- eşqi- nuri- həqqəm,
Musayə zəban, zəban mənəm, mən.
Mən cümlə cahani- kainatəm,
Mən dəhri- zəman, zəman mənəm, mən.
Nəsimi bu misralarla göyün, yerin, “kaf” və “nun”un məndə olduğunu söyləyirdi. Bütün varlıq, yer, dünya mənəm. Surətdə və mənada mən həqiqətəm. Həqiqəti əyan edən mənəm. Mən həqq nurunun eşqi, atəşiyəm. Musa peyğəmbərin uzaqdan eşitdiyi səs mənəm. Mən bütün dünya, kainatam. Bütün dövrlər, zamanlar mənəm.
Nəsiminin həmin dövrlərdən əsası qoyulan özünüdərketmə ilə bağlı fikirləri bu gün də aktualdır. Nəsiminin bu misralarda yalnızca “mən” deməyinin səbəbi vardı. O, insanı hər şeydən üstün görür. “Mən” deyəndə təkcə şəxs olaraq öz mənini yox, insanı nəzərdə tutur. Allahın yaratdığı canlıların ən alisi insandır. Allah insana şüur verib, yəni, insan özünü və ətrafdakıları dərk edib, dəyişdirə biləcək qüvvəyə malikdir. Bu canlını isə heç kimin alçaltmağa, təsir altına salmağa ixtiyarı ola bilməz.
Bəzi din xadimləri onu Allahsız adlandırır. Lakin, Nəsimi dini inkar etmir, əksinə dindən istifadə edənlərə tənqidi yanaşır. Nəsiminin özü seyid nəslindən idi, həmçinin namaz qılıb, Allahına dua edən bir şəxs idi. Sadəcə olaraq, insanların gözünü açmağa çalışır, onları ədalətsizliyə, haqsızlığa qarşı çıxmağa çağırırdı. Ona görə də o dövrün din xadimləri, hökmdarları onu günahlandırıb, aradan çıxarmağa çalışırdılar. Xalqın gözündə onu Allahsız adlandırıb, hamını ona qarşı çıxardıblar.
Şairin zindanda olarkən yazdığı “Ağrımaz” qəzəli ilə bağlı rəvayət də ibrətamizdir. Rəvayətə görə, şairin ölümünə fitva verən ruhani deyir:
“Bu adam o qədər lənətə layiqdir ki, onun qanından hara düşsə, kəsib atmaq lazımdır. Təsadüfən şairin qanından bir damcı ruhaninin barmağına sıçrayır. Əhali onun barmağının kəsilməsini tələb edir. Qorxuya düşən ruhani həyəcanla: “Mən söz məsəli demişəm” – söyləyib canını qurtarır. Bu zaman qanlar içində olan şair deyir:
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz.
Tək bu misralarla şairin və ruhaninin keyfiyyətləri, şəxsiyyətlərinin necəliyi nəzərə çarpır. Yeri gəlmişkən Nəsiminin “Ağrımaz” qəzəli də özünüdərketmə baxımından diqqətə layiqdir.
Nəsimi əsərlərinin önündə gələn, həm keçmiş, həm də bugünümüzlə səsləşən, onun ideyalarını bütünlüklə əks etdirən şah əsəri “Sığmazam” qəzəlidir.
Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-la-məkan mənəm, kövni məkanə sığmazam.
İnsan özündə hər iki dünyayı, dünya və axirəti sığışdıra bilir, lakin özü bu kainata, aləmə sığmır. Bütün varlıq, mövcudiyyət insanda birləşir, insanın ucalığı aləmə sığmır.
Ərş ilə fərşü-kafü-nun, məndə bulundu cümlə çun,
Kəs sözünü və əbsəm ol, şərhi bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zatınadır bidayətim,
Sən bu nişan ilə məni, bil ki, nişanə sığmazam.
Göy, yer, kaf və nun, bütün varlıq insandadır. İnsanın yeri bütün aləmdir, insan bu aləmin bir parçasıdır və tək öz çərçivəsinə sığmır.
Zərrə mənəm, günəş mənəm, carilə pəncü şeş mənəm,
Sürəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Tir mənəm, kəman mənəm, pir mənəm, cavan mənəm,
Dövləti-cavidan mənəm, ayinədanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qüreyşiyəm.
Məndən uludur ayətim, ayətə, şanə sığmazam.
Nəsiminin bütün əsərlərində olduğu kimi, bu qəzəldə də insana verdiyi dəyəri, insanın zəkası ilə çox şeyə qadir olduğu nəzərə çatdırılır. İnsana özündən başqa heç kim kömək edə bilməz, həmçinin heç kim insana özü qədər pislik etməz. İnsan yaradılmışların ən alisidir. Nəsimi də insanları özlərini düzgün şəkildə bütünlüklə dərk etməyə yönəltməyə çalışıb və bunu əsərlərində böyük məharətlə əks etdirib.
Nəsimi sənəti bütövlükdə insan gözəlliyinə, insan qüdrətinə heyranlıqla dolu bir himn kimi səslənir. Ancaq bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil insanlara xasdır. Məhz buna görə şair kamil insanı “canımın cananəsi” adlandırır, ona səcdə etməyin vacib olduğunu göstərir. Kamil insanın gözəlliyinə səcdə etməyənlər, onun qarşısında heyranlıq hissi keçirməyənlər isə, şairin fikrincə, haqq yolundan azmış div, şeytan və qanmaz heyvanlardır. Ancaq humanist şair bu şər qüvvələrin məhv edilməsinə hökm vermir, əksinə, islah, tərbiyə yolu ilə onların özlərini tanımasına, insan olduqlarından qürur duymalarına çalışır. Nəsimi irsinin bu gün belə aktual olmasının səbəbi də məhz insanı kamilliyə, vəhşi instinktlərdən əl çəkməyə, şər əməllərə səsləyən “nəfsi-əmmarədən” (əmredici ruhdan-şeytandan) uzaqlaşmağa səsləməsidir. Bu gün də insanlar öz nəfslərinin ucbatından insanlara zülm edir, onların bədbəxtliyinə laqeyd qalırlarsa, hətta bəzən bu bədbəxtlikdən patoloji ləzzət alırlarsa, deməli Nəsimi sənəti əhəmiyyətini qorumaqla öz ideyaları uğrunda mübarizədə bəşəriyyətin silahdaşı kimi çıxış edir.
Nuray Sadiqova
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı