Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbi 1957-ci ildə 120 nəfərlik şagird kontingenti ilə 7 illik məktəb kimi fəaliyyətə başlayıb.
Bu gün məktəbdə 62 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbdə çamaşırxana, hamam, dərzi, bərbər, ayaqqabı təmiri otaqları, bufet, üstüaçıq yaşıl meydança və idman zalı gənc nəslin sağlam böyüməsində mühüm rol oynayır. Məktəbdə quraşdırılmış mərkəzləşdirilmiş qazanxana ilin bütün fəsillərində bütün otaqları (laboratoriyaları) isti su ilə təmin edir. Kəskin kontinental iqlimə malik olan Naxçıvanda başqa məktəblər kimi internat məktəbdə də istilik probleminə birdəfəlik son qoyulub.
Məktəbin texniki heyəti da öz işlərinə məsuliyyətlə yanaşırlar. Xüsusən tibb bacısı, yeməkxana işçiləri, tərbiyəçilər və dayələr şagirdlərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunmaları üçün əllərindən gələni əsirgəmirlər. Çünki məktəbdə gecələyən şagirdlərin sağlam, təhlükəsiz və rahat yaşaması bilavasitə onların işindən asılıdır. Özü də bu məktəblilərin bir çoxu muxtar respublikamızın müxtəlif rayonlarından gələn fiziki imkanı məhdud, ailə himayəsindən məhrum, hər iki valideynini itirmiş şagirdlərdir. Qeyd edək ki, təkcə Ordubad şəhərindən xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 13 nəfərdir. Məktəbdə həmçinin 13 nəfər fiziki imkanı məhdud şagird də təhsil alır. Dayələr məktəblilərin dərsdənkənar vaxtlarının mənalı keçirilməsi və tələb olunan qaydada istirahət etmələri üçün əllərindən gələni əsirgəmirlər. Məktəbin yataqxanasında qalan şagirdlərin düzgün qidalanmaları və səliqə ilə geyinmələri diqqət mərkəzində saxlanılır. Həmçinin fəsillərin dəyişməsi, əlamətdar günlər və yeni dərs ilinin başlanması münasıbəti ilə muxtar respublikanın aidiyyəti qurumları tərəfindən mütəmadi olaraq geyim və dərs ləvazimatları ilə təmin olunurlar.
Anar Rəcəbli
“El həyatı ” qəzeti