Bol bəhrəli, bağlı-bağatlı, günü-gündən gözəlləşən qədim Naxçıvan torpağının, Culfa rayonunda Haça dağın vüqarına vüqar qatan bir qala məğrurluqla tarixə şahidlik edir. Adını çaydan götürən və ya adını çaya qoyan Əlincə qalası. Bu əzəmətli qalanı yayın qızmarında, payızın sazağında, qışın çovğununda, baharın gül-çiçək ətrində həmişə əzəmətli, qürurlu görmüşəm. Hər dəfə bu ibrətamizliklə qarşılaşanda xəyal karvanı düşüncələrimi yüzilliklər öncəki əsrlərə qovuşdurub.
V-VII əsrlərə aid edilən Əlincə qalası Naxçıvan torpağının əsas möcüzələrindən sayılır. Heç şübhəsiz, Əlincə qalasının tarixi çox alimləri düşündürüb və onlar bununla bağlı ortaya maraqlı faktlar qoyublar.
Bir sıra tarixi mənbələrdə Əlicəqalanın V əsrdə inşa edildiyi bildirilir. Sıldırım qayaların üstündə yerləşən Əlincə qalasının adı “Kitabi-Dədə Qorqud” dastanında qala-istehkam kimi göstərilir.
Qalanın divarları iri daşlardan inşa edilib. Qarışıq materialdan istifadə onun möhkəmliyini və gözəlliyini daha da artırır. Qalanın şimal-şərq istiqamətindən başqa qalan hissəsi müdafiə divarları ilə əhatə olunub. Qala boyunca sıralanan möhkəm divarlar və bürclər heyrət doğurur. Qalada su ehtiyatı toplamaq üçün hovuzlar və su quyuları var. Əlincə qalasından hər tərəf aydın göründüyünə görə istehkam müşahidə üçün də ideal yer idi.
Əlincə qalasına baxdıqca qüdrət və əbədilik rəmzi ilə qarşılaşırsan. Zirvədən boylananda yurdumuzun dilbər bir guşəsi göz önündə canlanır. Müstəqil dövlətimizin töhfələrindən bəhrələnərək günbəgün gözəlləşən kəndlərimizdəki abadlıq insanı valeh edir. Qalanın ətəyindəki Xanəgah kəndi daha geniş, daha yaraşıqlı görünür. Əlincə çayının sol sahilində yerləşən Şeyx Fəzlullah Nəiminin türbəsi də Xanəgahın qədim yaşayış məskənlərimizdən olduğunu təsdiqləyir. Dövrünün kamil insanı hesab edilən Fəzlullah Nəimi 1394-cü ildə Əlincə qalası yaxınlığında faciəvi şəkildə qətlə yetirilib, sonra müridləri onun cənazəsini burada dəfn ediblər.
İmadəddin Nəsimi ustadı Fəzlullah Nəimini öz dövrünün kamil insanı kimi dəyərləndirib və onu hər zaman şeirlərində təbliğ edib. O, Fəzlullah Nəimini sufizmə, hürufizmə xas dünyagörüşlə “ölümsüzləşdirib”, fikirlərini poetik ifadələrlə bildirib. XIV yüzillikdə hürufizmin əsas ocaqlarından biri Naxçıvan idi. Azərbaycanın müxtəlif yerlərində hürufizmi qəbul edən insanlar Əlincə qalasına gəlib, Əmir Teymurun çoxminlik ordularına qarşı mübarizə aparıblar. Hürufilərin dözümlüyü və mübarizliyi nəticəsində Əlincə qalası 14 il Əmir Teymurun qoşunlarına layiqli müqavimət göstərə bilib.
Bu gün Əlincə qalası igidlərimizin mübarizlik simvolu, uluların qədim ocağı, müqəddəs bir məkan kimi dövlət qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Əlincə qalasında bərpa işləri aparılıb. İndi Əlincə qalasının ziyarətinə təkcə ölkə əhalisi deyil, həm də ölkəmizin hüdudlarından çox-çox uzaqlarda yaşayan insanlar da gəlir. Turistlər Əlincə qalasını əvəzsiz möcüzə adlandırır və qeyd edirlər ki, Əlincə qalasını görməyənlər onun əzəmətindən xəbərsizdirlər.
Xalqın kimliyini bilmək üçün ilk növbədə onun abidələri nəzərə alınmalı, araşdırılmalıdır. Bir çox abidələrimiz kimi Əlincə qalası da xalqımızın baş ucalığıdır. Qədim tarixə malik olan Naxçıvan torpağı milli sərvətimiz olan abidələrlə zəngin bir diyardır. Bu gün özünün ikinci ömrünü yaşayan Əlincə qalası bir daha sübut edir ki, həqiqətən də Azərbaycanın Şərqə qapısı olan Naxçıvan torpağında alınmazlığı ilə fatehlərə meydan oxumuş, tarixin sərt sınaqlarına sinə gərərək bu günümüzə qədər öz varlığını qorumuşdur.
Biz bu gün müstəqilliyimizin bizə verdiyi imkanlardan bəhrələnərək qədim, zəngin tariximizin şahidi olan qalalarımızı qorumalı, onun hər daşının, kərpicinin qədrini bilməliyik. Abidələrimizi qorumaq və yaşatmaq həm də qədim diyarımızda turizmin inkişafına təkan verir.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti