Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Şərur

A- A A+

Şərur həmişə səliqə-sahmanı ilə seçilir. Küçələrin, yolların təmizliyinə uca çinarlar, həmişəyaşıl ağaclar, gül-çiçəklər xüsusi gözəllik qatır. Ra­yonun al-əlvan, gözəl görünməyi həm də şərurluların təşəbbüskarlığı, zəhmətsevərliyi, eyni zamanda, yaşadıqları torpağa bağlılığı ilə əlaqədardır. Rayonun sakinləri öz el-obaları ilə haqlı olaraq fəxr edirlər. Hər yerdə abadlıq, yenidənqurma işləri aparılır, yeni inzibati və sosial obyektlər, səhiyyə, idman, təhsil qurğuları, geniş yollar, körpülər hər an qarşına çıxır.

İllər boyu təbii qaz, elektrik enerjisi, abad yol, körpü üzünə həsrət qalan kəndlərdə indi yaşamaq üçün hər cür şərait var. İş yerləri də ildən-ilə çoxalır. Hər bir şərurlu yaxşı bilir ki, bütün bu nailiyyətlərin arxasında dövlətin yetərli diqqət və qayğısı dayanır.

Şərurlular ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın daha da çiçəklənməsi və tərəqqisi naminə üzərlərinə düşən məsuliyyəti də yaxşı dərk edirlər. Məhz bunun nəticəsidir ki, qarşıya qoyulan vəzifələrin vaxtında və dəqiq yerinə yetirilməsi üçün bütün lazımi tədbirlər yüksək səviyyədə həyata keçirilir.

Qədim Şərurun dağ yamacları, düzləri, çölləri yenidən cənnətə dönüb, rayonun yeni bir axar-baxarlı, çal-çağırlı, zəhmətlə aşıb-daşan mövsümü başlanıb. Ya­m­yaşıl taxıl zəmiləri, yeni salınan yaşıllıq zolaqları, gül-çiçəyə bürünmüş dağlar-dərələr, bara dolmaqda olan bağ-bağat hər kəsi heyran edir. Bundan da önəmlisi insan əlləri ilə yaranan gözəlliklərin ulu təbiətlə bir-birini tamamlamasıdır.

Sosial-iqtisadi göstəricilərin hər il nəzərəçarpacaq dərəcədə artması, əvvəlki ildən daha çox tikinti-quruculuq layihələrinin gerçəkləşdirilməsi Şərurda artıq ənənə şəklini alıb. Şərurda sanki ay-ayla, il-illə yarışır. Elə buradaca cari ilin birinci rübünün nəticələrinə nəzər salaq.

Rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Kərimbəyli kəndində yeni tam orta məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, 3,7 kilometrlik avtomobil yolu genişləndirilərək asfalt örtük salınıb, Şərur Rayon Uşaq Xəstə­xanası istifadəyə verilib. Hazırda rayonun bir neçə ünvanında tikinti-quruculuq işləri davam etdirilir. Rayon mərkəzində Mədəniyyət Sarayı, hər biri 6 mərtəbəli 40 mənzilli iki binadan ibarət yaşayış kompleksi, Təqaüdçülər klubu tikilir, 11 kilometrlik avtomobil yolu tamamilə yenidən qurulur. Muğanlı, Xələc, Muğancıq Mehrab, Xətai və Yeni Havuş kəndlərində məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Alışar və Qışlaqabbas kəndlərində kənd və xidmət mərkəzləri inşa olunur. Əhalinin həyat səviyyəsinin yaxşılaşması və gəlirlərinin artması hesabına üç ayda 7 min 438 kvadratmetr fərdi yaşayış evi tikilib.

Tikinti-quruculuq işləri aparılarkən tarixiliklə müasirlik vəhdət təşkil edir, milli memarlıq ənənələrinə üstünlük verilir.     

Əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində görülən işlər Zeyvə və Düdəngə kəndlərini də əhatə edib.

Yol hər hansı bir ünvanın ilk göstəricisi, mədəniyyətdir. Ələkli kəndində fəaliyyət göstərən asfaltzavod rayonda yol təmir-tikinti işlərinin genişləndirilməsinə və sürətlənməsinə geniş imkan yaradır. Müstəqillik illərində Şərur rayonunda yeniləşən 50-dən artıq yaşayış məntəqəsində yol infrastrukturunun da təzələnməsi ürəkaçandır.

Sevindirici haldır ki, bu gün muxtar respublikamızın ən böyük layihələri belə həyata keçirmək üçün yetərincə imkanları və bu imkanları istənilən anda lazımi istiqamətlərə səfərbər etməyə qadir müdrik rəhbəri var. Bunun nəticəsidir ki, qısa zaman kəsiyində bölgənin əksər guşələri abadlaşıb. İqtisadiyyatın bütün sahələrində sürətli inkişafa nail olunub, aqrar sahədə hər il artım qeydə alınır. Əldə olunan uğurların əsas səbəbi əvvəlcədən aparılmış müdrik iqtisadi siyasət və bu siyasətə söykənən səmərəli islahatlardır.

Şərur rayonunda da iqtisadiyyatın yüksəldilməsi, aqrar sektorda məhsuldarlığın artırılması, sənaye istehsalının şaxələndirilməsi və gücləndirilməsi diqqət yetirilən başlıca məsələlərdəndir. Rayonda 2019-cu ilin yanvar-mart ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 1,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3 faiz artıb, tikinti-quraşdırma işlərində istifadə olunan investisiyanın həcmi 6 milyon 900,3 min manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,4 faiz artıb. Poçt və rabitə xidmətlərində, nəqliyyatda yükdaşımada da nəzərəçarpacaq artım qeydə alııb. İşçilərin orta aylıq əməkhaqqı 399,6 manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Bütövlükdə 2019-cu ilin birinci rübü də rayonumuz üçün uğurlu göstəricilərlə yadda qalıb.

Rayonda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir. Kənd təsərrüfatı işçiləri, əkinçilər dövlətin yaratdığı şəraitdən ötən il də bacarıqla istifadə ediblər.

Ərzaq təhlükəsizliyinə dair Dövlət proqramlarına görə respublika əhalisi özünü ərzaqla tam təmin etməlidir. Şərurlular bu tapşırığın da öhdəsindən uğurla gəlirlər. İlin üç ayında 7 min 619 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıqdır. Ət istehsalı 2 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 1,3 faiz çox olub.

Rayonda əhalinin məşğulluğu da diqqətdə saxlanır.  109-u daimi olmaqla 111 yeni iş yeri açılıb. Əldə olunan nailiyyətlərdə ailə təsər­rüfatlarının rolu çoxdur. Qeyd edək ki, hazırda rayonda müxtəlif istiqamətlər üzrə məşğul olan           90-dək belə təsərrüfat məşğuldur.

Sağlam ekoloji mühit, təmiz hava, su insan həyatı üçün ən vacib şərtlərdəndir. Bu məqsədlə həyata keçirilən tədbirlər sırasında yeni yaşıllıqların salınması, mövcud olanların qorunması və artırılması mühüm yer tutur. Vaxtaşırı aparılan bu tədbir insanlarda təbiətə olan məhəbbət hissini daha da gücləndirir, onları bu qədim diyarın təbiətini zənginləşdirməyə və qorumağa səfərbər edir. Şərur şəhərində, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kampaniyası 2019-cu ildə də davam etdirilir. Şərurlular builki yaz iməciliklərində yeni meyvə bağları salıb, 15 hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri aparıb, yol kənarlarına və kənd mərkəzlərinə 3 min 500 meşə ağacları əkiblər.  

Rayonun üzümçülük ənənələrinin bərpa edilməsi istiqamətində görülən işlərin nəticəsi kimi, Danyeri kəndində iməciliklər yolu ilə salınan 6 hektar üzüm bağında mövsümi becərmə tədbirləri görülür.

Ölkə Prezidentinin imzaladığı Azərbaycan Respublikası region­larının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında bölgələrin genişmiqyaslı tərəqqisi, əhalinin rifahının yüksəldilməsi kimi həyata keçiriləcək mühüm tədbirlər öz əksini tapıb. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ekoloji və təbii sərvətlərdən istifadə, yol təsərrüfatları və nəqliyyatın fəaliyyətini, elektrik enerjisi, istilik və qaz təchizatını, kanalizasiya xidmətlərini yaxşılaşdırmaq tədbirlər planına daxildir. Növbəti Dövlət Proqramının müddəaları Şərur rayonuna da yeni perspektivlər vəd edir.

Şərurda yeniləşmə və yüksəliş davamlıdır, ürəkaçandır. Rayonda hara ayaq basırsan yeniliyin, yüksələn rifahın şahidi olursan. Kiminlə görüşüb söhbətləşirsənsə xoş söz eşidirsən, hər yerdə sabaha dərin inam və ümidin şahidi olursan. Görülən işlərin miqyası və dinamizmi, adamların yüksək əhval-ruhiyyəsi, ümumi yüksəliş ab-havası diktə edir ki, əvvəlki Dövlət proqramları kimi, növbəti sosial-iqtisadi inkişaf proqramı da uğurla həyata keçiriləcək.

Elman Məmmədov

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: