İctimaiyyət üçün dəyərli töhfə

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünya görüşünün artırılmasına xidmət edən “Oxunması zəruri kitablar”ın siyahısı təsdiq edilib.

Bu nəşrlərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabıdır. Kitab muxtar respublika ictimaiyyəti və ziyalılar tərəfindən maraqla qarşılanıb və böyük oxucu kütləsinə sahib olub. Mən də bir ziyalı kimi kitabı böyük maraqla oxudum və görkəmli ədibimiz Hüseyn Cavidin ailə, məktəb, müəllim-şagird münasibəti ilə bağlı öz fikirlərimi oxuculara çatdırmaq istədim.

Hüseyn Cavid uşağın tərbiyəsində ananın rolunu önə çəkir ki, bu da təsadüfi deyil. Zəmanə dəyişsə də, həmin fikir bu gün də öz qüvvəsini saxlayır və aktualdır.

Məhəmməd peyğəmbərin “Cənnət anaların ayaqları altındadır” fikrini nəzərə çatdıran şair, diqqəti təlim və tərbiyədə islamın rolu məsələsinə yönəldir. Müsəlman ölkələrində və cəmiyyətlərində oğlan və xüsusilə qızların təhsilə cəlb edilməsi ilə bağlı geniş yayılmış yanlış fikirləri saf-çürük edir. O, xüsusilə qız uşaqlarının məktəbdən yayındırılması və təhsildən uzaqlaşdırılmasının İslama zidd olduğunu söyləyir. Şair sualı bu cür qoyur: “Əcəba, səkkiz-doqquz yaşında bir qız yalnız ibtidai, yaxud rusdilli təhsil görürsə, şəriətə müxalifmi zənn olunur? “Guya” qız tərbiyə görür-görməz itaətsiz olacaq” söyləyənlərin fikirlərini qəti surətdə rədd edir. Valideynləri, qız uşaqlarını məktəbə qoymağa çağırır. Düşünür ki, əgər biz qızların tərbiyəsinə bu cür yanaşsaq, sabah kor-peşman olacağıq.

Görkəmli ədib öz məqalələrində uşaqların məktəbə hazırlanmasında ev tərbiyəsinin roluna xüsusi yer verir. “Ev tərbiyəsi necə olmalıdır?” sualına ailələrdə mövcud olan xoşagəlməz tərbiyə üsulları ilə cavab verir. Şair ailə tərbiyəsində yalançılığı, qorxaqlığı, itaətsizliyi, xurafat və mövhumatı tənqid edirdi.

Şair müxtəlif ailələrdə fərqli ailə tərbiyəsinə nəzər salır və düzgün qurulmuş ailə tərbiyəsini təqdir edir.

Sağlam ailələrdə tərbiyə və əxlaq məsələlərinin düzgün və uğurlu həllini yüksək qiymətləndirərək yazır ki, “Ana bir yaşında uşağın yediyi qaletlərdən əlifba düzəldir və onu öyrədir. Evin divarından hesab cədvəli asır, üç-dörd yaşında uşaq bunları gülə-gülə, sevə-sevə öyrənir. Beş-altı yaşına çatar-çatmaz məktəbə həvəs göstərir. Məktəbə getdiyi zaman zəkası, əxlaqı yerində olur, dərsini həvəslə öyrənir. 20 yaşında isə o, universiteti bitirmiş fazil bir əfəndi olur”.

Şair Azərbaycan analarını, Azərbaycan ailələrini bu cür görmək istəyir. Ailə və ana tərbiyəsinin, qızların təhsilə cəlb edilməsi məsələsini önə çəkən vətənpərvər və maarifçi şairin fikirlərini  oxuyarkən, onun nə qədər narahatlıq hissi keçirdiyini aydın sezmək olur. Belə halı yalnız vətənini və millətini sevən, onun gələcəyini düşünən insanda görmək olar. Şair yazırdı: “Çocuqlar məsumdurlar, onunçin yapdıqları işlərin heç birindən məsul deyildirlər, onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-analardır”. Xeyirsiz, xain, ədəbsiz övlad yetişdirib onların tərbiyə və islahına çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq üçün bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar...”. Bu sözlər sanki bu gün yazılmış bu gün deyilmişdir.

Cavid təlim-tərbiyədən, təhsildən danışarkən məktəb binalarına və sinif otaqlarına xüsusi diqqət ayırırdı. O, məzunu olduğu və Naxçıvanın maarif tarixində xüsusi yeri olan məktəb haqqında ətraflı məlumat verir. Cavid hesab edir ki, təhsil, təlim və tərbiyə işi ilk öncə məktəb binasından başlanır. Əgər məktəb binası yararsız və uyğunsuz bir yerdədirsə, orada təlim-tərbiyə prosesi səmərəli təşkil oluna bilməz.

Şair hesab edir ki, məktəb binası mümkün dərəcədə günəşli bir yerdə olmalıdır. Bundan başqa hər bir məktəbin özünəməxsus gözəl bir bağçası olmalıdır. Sinif otaqlarında partalar şagirdlərin sayına görə düzülməlidir... və s.

Şair-pedaqoq ”Həsbi-hal” məqaləsində ibtidai siniflərin dərslik və proqramları haqda ayrıca söz açır. Hesab edir ki, dərslik və proqramlar olduqca düşünülmüş aydın və mənfəətli olmalıdır.

Cavid mütaliə ilə bağlı müəllimin qarşısına ciddi vəzifələr qoyurdu. Yazırdı ki, “Müəllim öyrənib və şagirdlərə öyrətdiyi kitablarla kifayətlənməməlidir. Müntəzəm olaraq pedaqogikaya, təbiyyata və əxlaqa aid kitabları mütaliə etməlidir. Sadəcə mütaliə yox, oxuduğu kitablardan nəticə çıxarmalı və bunu öz işində tətbiq etməlidir”.

Şair düşünürdü ki, sözün təsirli və inandırıcı olması üçün müəllimin özü təmiz bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olmalıdır.

“Biz müəllim öz-özünü bir riyazətimənəviyyə ilə izah etdikdən sonra, şübhəsiz ki, hər sözü, hər duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətə tərəqqi olunur”. Dahi mütəfəkkirimizin fikirlərinin bugünkü təhsil və tərbiyə metodları ilə nə qədər səsləşdiyinin şahidi olduqca bir daha əmin olursan ki, görkəmli ədibin mütərəqqi ideya və düşüncələri yüz illər keçdikcə də öz aktuallığını və müasirliyini qoruyub saxlayacaqdır.

Vəfa Həsənova

Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: