BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

A- A A+

Ötən gün Neftçala rayonunun ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, nasazlıq səbəbindən yolda dayanan avtomobil, eləcə də kömək məqsədilə saxlayan digər nəqliyyat vasitələrinin sürücü və sərnişinləri təhlükəsizlik qaydalarına əməl etmədikdə digər hərək iştirakçıları üçün ciddi təhlükə yarada bilər. Xüsusilə hərəkətin intensiv olduğu yollarda dayanan avtomobilləri vaxtında görməmək ağır nəticələrə səbəb olur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında bildirilib.

Qeyd edilib ki, nəqliyyat vasitəsi nasazlıq səbəbindən dayanmağa məcbur olduqda, sürücü mümkün qədər onu yolun hərəkət hissəsindən kənara çəkilməli, qəza işıq siqnallarını yandırmalı və qəza dayanma nişanını digər sürücülərin vaxtında görə biləcəyi yerdə quraşdırmalıdır. Qanunvericiliyə əsasən, nişan yaşayış məntəqələrindən kənarda avtomobildən ən azı 30 metr aralıda yerləşdirilməlidir.

Məcburi dayanan avtomobilə yardım etmək istəyən sürücülər də öz nəqliyyat vasitələrini hərəkət zolağında və ya yolun görünüşünü məhdudlaşdıran hissəsində saxlamamalıdırlar. Təhlükəsizliyi təmin etmədən, yolun hərəkət hissəsində təmir işləri aparmaq isə yolverilməzdir. Sürücü və sərnişinlər yolun hərəkət hissəsindən uzaq, təhlükəsiz yerdə gözləməli, imkan daxilində müvafiq xidmətlərə müraciət etməlidirlər.

Yolda dayanan avtomobilə yaxınlaşan digər sürücülər sürəti əvvəlcədən azaltmalı, zolağı dəyişərkən diqqətli olmalı və ara məsafəsini artırmalıdırlar. Dayanan avtomobillərin yanından yüksək sürətlə keçmək, diqqəti yayındıran vasitələrdən istifadə etmək və qəfil manevr etmək qəza riskini artırır. Gecə vaxtı, yağışlı və dumanlı havada, eləcə də görünüşün məhdud olduğu digər şəraitdə bu tələblərə daha ciddi əməl olunmalıdır.

Məcburi dayanan avtomobilin yanında olan şəxs təhlükükəsizlik qaydalarına əməl etmədikdə öz həyatını real təhlükə atmış olur.

“Unutmayın: Məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirləri görün. Yolda belə avtomobillərlə rastlaşdıqda isə sürəti azaldın və ehtiyatlı olun!”, - deyə çağırışda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: