Türkeş müasirləşən kəndlərimiz sırasına qoşulacaq - FOTOLAR
Türkeş kəndi Şahbuzun rayon mərkəzindən 13 kilometr cənub-qərbdə dağətəyi ərazidə yerləşir. Kənddə quruculuq işləri gedir. Bu işlər kəndin mərkəzində aparılır. Əvvəlcə müasir layihə əsasında inşa olunan yeni məktəb binasının tikintisi ilə tanış olduq. İkimərtəbəli məktəb binasında 11 sinif otağı, kitabxana, idman zalı, laboratoriyalar, hərbi kabinə, elektron və şahmat sinifləri və kompüter otağı yaradılacaq. Bir sözlə, bu təhsil ocağı lazımi tədris avadanlıqları ilə təmin edilərək məktəblilərin ixtiyarına veriləcək. Qeyd edək ki, kəndin uşaqları bu günə kimi təhsillərini köhnə məktəb binasında alıblar. Yeni məktəb binasının tikintisinə başlanması ilə əlaqədar hazırda pedaqoji kollektiv qonşu kənd olan Sələsüz kənd tam orta məktəbinə yerləşdirilib. Yeni məktəb binasının tikilişi kollektivi çox sevindirir.
Kəndin digər quruculuq ünvanları ilə də tanış olduq. Öyrəndik ki, kənd mərkəzi də ikimərtəbəli tikilir. Birinci mərtəbədə poçt, avtomat-telefon stansiyası, kitabxana, tibb otağı, polis və baytarlıq xidməti fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, YAP ərazi ilk təşkilatı və klub yerləşəcək. Artıq kənd camaatının bu xidmətlərdən yararlanmaq üçün rayon mərkəzinə üz tutmağına ehtiyac qalmayacaq.
Birmərtəbəli olacaq xidmət mərkəzində kənd sakinlərinə müxtəlif məişət və ticarət xidmətləri göstəriləcək. Kənd sakinləri üçün yeni bir iş yeri açılacaq. Burada bir neçə sakin işlə təmin olunacaq, ailə təsərrüfatları məhsullarını xidmət mərkəzində rahatlıqla satacaq.
Həmçinin kənddə yeraltı suvarma şəbəkəsinin də tikintisinə başlanılıb. Kənd yolu da əsaslı şəkildə yenidən tikilir. Yolun uzunluğu 4,2 kilometrdir. İndiyədək 2 kilometr məsafədə torpaq işləri görülüb. Yolun 1,6 kilometrinə isə qum-çınqıl verilib. Yol ikizolaqlı olacaq. Yolda su keçidləri də tikilir. Yol yatağı bərkidilir və digər tikinti işləri aparılır.
Qısa bir zamanda Türkeşin müasir görkəmi göz oxşayacaq
Bir neçə il bundan əvvəl bu kəndin yaşayış evləri, yolları, küçələri, xidmət obyektləri, məktəb binasının görkəmi könül bulandırırdı. Kənddə sanki bir durğunluq hökm sürürdü. İllər ötdü, zaman dəyişdi. Görülən işlər sayəsində indi kənddə əvvəlki natəmizlikdən, səliqəsizlikdən, pis görkəmdən əsər-əlamət qalmayıb. Kəndin evləri abadlaşıb, həyətyanı sahələr yaşıllığı və səliqə-sahmanı ilə göz oxşayır. Bu inkişaf, bu tərəqqi gənclərimizin doğulub boya-başa çatdıqları kənd yerlərində məskunlaşmasına, qurub-yaratmasına şərait yaradıb. Kənddə ev tikən, təsərrüfat yaradan ailələrin sayı artıb. Məqsədyönlü şəkildə həyata keçirilən işlər insanların sabaha olan inamına öz müsbət təsirini göstərib, gənclərdə vətənpərvərlik hisslərini gücləndirib. Kəndin bütün sakinləri yaxşı işləməklə, tələbatlarını ödəməklə yanaşı, həm də dövlətin iqtisadi siyasətinə dəstək olurlar. Kənd təsərrüfatının bütün sahələrində türkeşlilərin zəhməti, əməyi daha aydın hiss olunur. Yeni infrastruktur sahələrinin, kənd və xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi kəndlərimiz sırasına daxil olacaq Türkeş kəndi 95 illik muxtariyyət tariximizdə özünün intibah dövrünü yaşayır desək, yanılmarıq. Nəticədə kəndə yolu düşən hər kəs bu yurd yerinin dağ vüqarlı insanları ilə söhbətlərdən aldıqları zəngin təəssüratlarla, kəndin abadlığını özündə əks etdirən fotolar çəkib razılıqla geri dönəcəklər.
Hicran Əliyeva
“Oğuz səsi” qəzeti