Azərbaycan xalqının tale kitabı – “Anamın kitabı”

A- A A+

Böyük realist sənətkar Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri milli istiqlal, dövtətçilik, müstəqillik ideallarını özündə əks etdirən çox qiymətli bədii məxəzdir. Bu əsər, fikrimizcə, başdan-başa simvollar əsəridir. Bu pyes əsl Azərbaycannamədir, azərbaycançılıq ideyalarının mənbəyidir. Аkаdemik İsa Həbibbəylinin sözlərilə desək: “Anamın kitabı” – Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi Anasıdır. ...C.Məmmmədquluzadənin “Anamın kitabı” əsəri ...milli-mənəvi özünüdərk, Vətənçilik, milli birlik və müstəqillik dərsliyidir. “Anamın kitabı” – Azərbaycanın...tale kitabıdır, milli ədəbiyyatımızın ən mükəmməl Azərbaycannaməsidir”.

Əsərdə görkəmli ədib böyük məharətlə Azərbaycan xalqının taleyi məsələsini bir ailənin timsalında ümumiləşdirib, dərin həssaslıqla ifadə edib. Professor Mir Cəlalın dediyi kimi, pak, saf ürəkli mehriban ana Zəhrabəyim vətəni təmsil edir. “Anamın kitabı” əsərində təsvir olunan sadə xalq nümayəndələri isə, fikrimizcə, Azərbaycanın xalqının taleyi və mənafeyi ideyasını ifadə edirlər. Bu əsər öz ideyası etibarilə ədibin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində yazdığı “Azərbaycan” məqaləsi ilə yaxından səsləşir və onun davamı kimi görünür. Lakin məqalədə ədib Azərbaycan xalqını bütün el birliyi ilə həmrəy olub cümhuriyyət - azad, müstəqil Azərbaycan yaradılmasına səsləyirsə, artıq bu əsərdə yaranmış Cümhuriyyətin süqutu və çöküşü səbəblərini ürək yanğısı ilə təsvir edir.

Əsərdə ciddi milli-ictimai məzmun ifadə edən səhnələrdən biri məhz acların ağlaya-ağlaya Cəmiyyəti-xeyriyyənin iclasına daxil olmaları səhnəsidir. Aclar ağlaya-ağlaya cəmiyyəti-xeyriyyənin iclasına daxil olub kömək istəyərkən,  çobanlar -  Qurban, Zaman, Qənbər (adların özündə belə rəmz var. Fikrimizcə Qurban Vətənin varlığı və azadlığı yolunda özünü mübarizəyə atıb fədakarlıq etmənin, özünü vətənə və millətə həsr etmənin, hər şeyilə vətənə aid olmanın, Zaman leksik-semantik mənasına uyğun olaraq fəlsəfi-tarixi vaxtın, zamanın, Qənbər isə məna etibarilə özündə vətənin, millətin, xalqın ruhunu, tarixini, yaddaşını hifz eləyib daşlaşdıran vətəndaşlığın  simvoludur - R.Q.) “beşikdə yad millətlərin südünü əmmiş”, “vətənimizdən yadırğamış”, “millətimizin ruhundan xəbərsiz olan” “obrazovannı bir para millət başçılarımız”dan fərqli olaraq aclarla rəmzləşmiş müdafiəsiz və başsız millətə isti qayğıkeş münasibət və diqqət göstərirlər. Xalqın ən səciyyəvi əxlaqi-mənəvi keyfiyyətləri - qayğıkeşlik, məsuliyyət, sadəlik, sevgi, yanğı onlarda cəmlənib.

Bu baxımdan akademik İsa Həbibbəyli yazırdı: “C.Məmmədquluzadə xalq, milli birlik, vətən motivlərini “Anamın kitabı” əsərindəki Zəhrabəyim ana, Gülbahar və habelə, Qənbər, Qurban, Zaman obrazları vasitəsi ilə çatdırmağa çalışmışdır. Əsərdəki çoban surətləri milli mənəviyyatın, xalq adət-ənənlərinin, doğma torpağa bağlılığın həqiqi yaradıcısı kimi çıxış edirlər. Cəlil Məmmədquluzadənin Gülbahar obrazı Azərbaycan ədəbiyyatında Vətən, millət və istiqlal amalının dramatik üvertürasıdır”. Bizcə, bunları da əlavə etmək olar ki, müəllifin bu simvolik obrazlar ansamblında  Zəhrabəyim ana Vətən, qız Gülbahar vətənin taleyi, qardaşlar Rüstəm bəy, Səməd Vahid, Mirzə Məhəmmədəli millət başçılarını (partiyaları), çobanlar - Zaman, Qurban, Qənbər isə xalqı və milləti simvolizə edirlər.

Təmiz ana dilinin də yalnız onların nitqlərində təzahür etməsi sadə xalqı milli inkişafın təmayülü kimi ideallaşdırır.

“Aslan bəy: ...qoyunun yarasını siz dezinfeksiya (?) eləyirsinizmi?

Qənbər: Qanmadıq, həkim ağa.

...Aslan bəy: ...qoyun yaralananda onun temperaturasını (?) ölçürsünüzmü?

Qənbər: Qanmadıq, həkim ağa” .

Buna görə də “obrazovannı” qardaşlara hamıdan bir köynək daha yaxın olan dos-doğma bacıları  Gülbahar: “Qardaşlarım, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mən bir söz başa düşmədim ”- deməklə onların “dillərinə” də qiymət vermiş olur. “Ana dili qəlblərə dəvadır. Ana dili ana ruhudur, dərdlərə çarədir” fikrini Zəhrabəyim xəstələnib yerə yıxılanda  Gülbahar onu doğma övladların yad dilləri ilə deyil, yad çobanların doğma, ruh oxşayan dillərilə dərdinə dəva etməklə ifadə edir. Aydın ifadəsini tapmışdır ki, xalqın ziyalısı  ilə xalqın sadəsi bir küllün müxtəlif zərrələri olmalarına baxmayaraq bir-birilərini başa düşmürlər və aralarında ictimai uçurum, özgəlik vardır. Müəllif çobanların “çoban-çoluq dili” hesab edilən dillərini ana Zəhrabəyimin, onun timsalında vətənin dərdinə dərman görür. Onların danışdığı dildə ananın kefi, halı, ruhu köklənib, buna görə də bu dil onun kefini açmağa, dərdini dağıtmağa qadirdir:

“Gülbahar: ...Qənbər, bir az danış anamın kefi açılsın.

Zəhrabəyim (Qənbərə): Qənbər, bir az danış , danış. Nə olar danış qulaq asaq”.

Qəribədir ki, başqalarının bir-birini başa düşməsi, dil tapması üçün lüğət hazırlayan Rüstəm bəy özü öz atadan-anadan bir dos-doğma qardaşları ilə dil tapa, bir-birini başa düşə bilmir.Yerə-göyə xüsuf-küsuf duası yazıb onları fəlakətdən xilas etmək istəyən Mirzə Məhəmmədəli öz qardaşları ilə bir olmağa, doğma ailəni dağılmaqdan xilas etməyə gücü yetəcək bir dua “yazmağı” bacarmır. Elmi-qafiyə dərsi ilə sözlərin bir-birinə poetik uyğunlaşmasını öyrədən Səməd Vahid özü qardaşları ilə bir ailə doğmalığı ilə uyğunlaşa, birliyə uya bilmir, bir ailənin qayda-qanunları, qan bağı çərçivəsində çuğlaşa, bir-birilərinə yaxınlaşa bilmir. Əsərdə Rüstəm bəyin özü də anası Zəhrabəyimə müraciətlə dediyi kimi: “...nə qədər ki mən bu kitablara etiqad eliyirəm, Məhəmmədəli də bu kitablara və Səməd Vahid də bu kitablara etiqad eliyirlər dəxi biz nə təhər ...mehriban yola gedə bilərik?” Etiqad ayrılığından bir-birinə sözü xoş gəlməyən qardaşları vahid bir məxrəcə gətirmək üçün yeganə bir kitab (ideya, qanun) qalır: “ Qaldı bircə kitab! Bu da anamın kitabı!”  Bu, Vətən kitabıdır, vətən naminə birləşmənin qanunu kitabıdır. Professor Mir Cəlalın da dediyi kimi, “60 yaşlı Zəhrabəyim və onun kitabı böyük ədibin əsərində Vətən kitabıdır. Bu elə bir kitabdır ki, bütün balaların, vətən övladının adı burada yazılmışdır”. Məhz bu kitab xilası, nicatın yolunu göstərən kitabdır. Yalnız bu kitaba etiqadla ittihada gəlmək mümkündür. Bu kitab o kitabdır ki, buyurur:  “Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək: nə qədər canında nəfəs var peşiman olacaq”. Vətən öz taleyinin müqəddəratını “Anamın kitabı” əsasında həll etməyi tələb edir. “Budur kitab, budur elm!” Budur vətəndaşlığın düsturu, aksiomu, azərbaycançılığın qanunu, azərbaycanlılığın kəlmeyi-şəhadəti, Vətən adlı Allah yolunda namazın sözləri!.. 

Bundаn bаşqа, fikrimizcə, C.Məmmədquluzadə yeganə sənətkarlardandır ki, ayı və ulduzu atanın yadigar qoyduğu “Anamın kitabı”nda təsvir etməklə  Azərbaycan Хаlq Cümhuriyyətinin bayrağına işarə etmiş, bu əsəri ilə sаnki ilk müstəqil Аzərbаycаn dövlətinin süqutuna “аğı” dеmiş, оnа оlаn rəğbətini bildirmiş, üç qаrdаşın bаrışmаz münаsibətlərinin timsalında оnun süqutu səbəblərini əks еtdirmişdir.

Bütün bu kimi xüsusiyyətlərinə görə Cəlil Məmmədquluzadə yaradıcılığı milli oyanış və istiqlal düşüncəsinə xidmət edən, düşünən və düşündürən bir ədəbiyyatdır. Mənsub olduğu xalqın milli oyanışı, maariflənməsi və istiqlal düşüncəsinin formalaşmasında misilsiz xidmətlər göstərdiyi üçündür ki, görkəmli söz ustadı, yazıçı, dramaturq, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamış və Sərəncamda da deyildiyi kimi: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. ...Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin" jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

                                                                              Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: