Əsrlərdən gələn zəngin irs

A- A A+

Adı dünyanın ölməz sənətkarları sırasında yer tutan, poeziyamızda Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoyub. Nəsimi Azərbaycanın ustad şairi, böyük mütəfəkkirdir. O, 1369-cu ildə Azərbaycanın qədim  elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri burada keçən Nəsimi Şamaxıda mükəmməl mədrəsə təhsili alıb, dövrün elmlərini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib.

İmadəddin Nəsimi Orta əsrlərdə Yaxın Şərq ölkələrində yayılmış hürufilik təriqətinə mənsub bir təfəkkür sahibi idi. Araşdırıcılar müəyyən ediblər ki, hürufilik cərəyanının əsasını öz dövrünə görə yeni olan insan konsepsiyası təşkil edirdi. Hürufiliyin konkret həyati mənası onda idi ki, bu cərəyan fəal, potensial bir qüvvə kimi yüksək qiymətləndirdiyi insanın qarşısında özünü dərk etmək kimi böyük bir məqsəd  qoyurdu. Özünüdərk üçün isə insan hər şeydən əvvəl cəmiyyətdə öhdəsinə düşən əsas vəzifəni anlayıb dərk etməli, ictimai ədalətsizliyin, fanatizmin pozduğu gedişatı yoluna qoymaq üçün çalışmalı idi. İmadəddin Nəsimi o zaman Şərqdə geniş yayılan hürufiliyin Azərbaycan poeziyasında da böyük məbədini yaradan qüdrətli sənətkardır. Hürufilik fəlsəfəsi dövrünün böyük filosofu Nəimi tərəfindən yaradılıbsa, Nəsiminin bu istiqamətdə yaratdığı poeziya bu təlimin qüdrətini, böyüklüyünü ifadə edir.

Nəsiminin kamil insan konsepsiyası, humanizmi, dünyəviliyi, ana dilinə məhəbbəti, ilahi eşqi ifadə edən qüdrətli poeziyası dünya ədəbiyyatının zəngin mənəvi sərvəti, xalqımızın böyük iftixarıdır.

Söz insanın mənəvi dayağı, zövqü, səfasıdır, ləyaqəti, şöhrəti, şanıdır. Əbəs yerə deyil ki, sözün bu qüdrəti Nizami, Füzuli, Xətai, Nəsimi kimi ustadlarımızın mövzusu olub, onlar söz haqqında ölməz şeirlər yazıblar. Nəsiminin «Söz» rədifli qəzəli isə söz haqqında ana dilində yazılmış ilk şeirdir. Şeirdə sözə, söz sənətinə yüksək qiymət verilir, çünki söz, insanın ilk zəruri keyfiyyətidir:

Dinləgil bu sözü ki, candır söz,

Aliyi-asiman, məkandır söz…

Əqidəsi, məsləki, baxışları, inandığı həqiqətlər uğrunda canından keçənlər, düşmən qarşısında əyilməyənlər az olmayıb, ancaq bu əqidə qəhərəmanları arasında Nəsimi müstəsna yer tutur:

Bir günəşdir Nəsimi kim onun

Neçələr zərrəsinə həsrətdir...

Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşər varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi miqyası o qədər geniş idi ki, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Necə ki, Fransua Rable yalnız fransız xalqına, Uilyam Şekspir ingilis xalqına məxsus olmadığı kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti əsərlərində ifadə edib. Azərbaycan ədəbiyyatı tarixində İmadəddin Nəsimi həyat və yaradıcılğından, onun dünyagörüşündən çox yazılsa da, farsca qələmə aldığı «Bəhrül əsrar» fəlsəfi qəsidəsi dərin fəlsəfi məzmuna malik olması ilə bərabər, həm də böyük tərbiyəvi əhəmiyyətli nəsihətamiz fikirlərlə zəngindir. Qəsidədə maddənin dəyişməsi, insanın öləndən sonra torpağa dönməsi kimi fikirlər ifadə olunub:

Ayağın bu torpağa hörmətlə bas, unutma ki,

Şahlar başı torpaq olmuş, gəlib-gedən üstə gəzər.

Fəlakətlərlə dolu olan zəmanədə zülm və əsarət içərisində iztirablı, kədərli həyat keçirən insanların taleyi şairi dərindən düşündürürdü. Onun mülki bərabərsizlikdən, ictimai zülm və ədalətsizlikdən şikayətləri yaradıcılığında qüvvətli bədii ifadəsini tapıb.

Nəsiminin qəzəlləri intəhasız bədii zövq mənbəyi olmaqla yanaşı, həm də öz dövrünün çoxsahəli, dolğun biliklərini özündə əks etdirən qiymətli məlumatlar toplusudur.

Nəsiminin təkcə Azərbaycanda deyil, dünya miqyasında yenidən tanıdılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndərin təşəbbüsü və səyi ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi geniş şəkildə qeyd edildi. Həmin ildə Nəsiminin Azərbaycan xalqına yenidən və bütöv qayıdışı istiqamətində böyük işlər görüldü, Nəsimi haqqında çox gözəl bir film yarandı. Məlumdur ki, bədii filmlərin vasitəsi tarixi hadisə və şəxsiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında çox böyük rolu var. Bu mənada Qabilin «Nəsimi» poeması əsasında İsa Hüseynovun ssenarisi ilə çəkilən «Nəsimi» filmi mütəfəkkir şairin xalqa tanıtdırılmasında çox böyük rol oynadı.

Azərbaycan respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ilin Azərbaycanda «Nəsimi ili» elan edilməsi xalqımızın milli-mənəvi, tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, klassik ədəbi irsinə dövlət səviyyəsində yüksək qiymət verdiyinin daha bir təzahürüdür.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbəti və şəxsiyyətin azadlığını tərənnüm  edib. Mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri bir sıra xalqların da bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Bu nəhəng söz adamının azadlığı, cəsarəti, həqiqəti, qorxmazlığı tərənnüm edən əsərləri 650 il sonra da öz aktuallığını qoruyub saxlayır, həmçinin bəşəriyyətin mütərrəqqi ideyaları, idealları ilə üst-üstə düşür.

Şairin yaradıcılığı nəinki Azərbaycan xalqının, o cümlədən bütün bəşəriyyətin fəlsəfi fikir tarixində dərin izlər qoyub. Onun bənzərsiz və təkrarolunmaz üslubu əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. İmadəddin Nəsimi cahana və zamana sığmayan, əbədiyaşar Azərbaycan şairidir.

                                                                             İbrahim Yusifoğlu,

Azərbaycan Yazıçılar və Jurnallistlər

Birliyinin üzvü, şair-publisist

 

Türkanə Abdullayeva,

Şərur Rayon Təhsil Şöbəsinin

aparıcı məsləhətçisi

 

“Şərurun səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: