Əbu-Bəkr ibn Xosrov əl-Ustadi və onun “Munisnamə” əsəri

A- A A+

Dahi Nizami Gəncəvinin müasiri və yaşıdı Əbu-Bəkr ibn Xosrov əl-Ustadi Atabəylər sarayında xidmət etmiş, hökmdarlar yanında böyük  nüfuz sahibi olmuşdur. O, Atabəy Cahan Pəhləvanın uşaqlarının tərbiyəçisi və müəllimi olub. Sarayda maddi cəhətdən təmin olunduğu üçün o, vaxtını elmi yaradıcılığa sərf edib. Azərbaycan Atabəylər dövlətinin mövcud olduğu dövr (1136-1225) elmin, ədəbiyyatın, incəsənətin, bir sözlə, mədəni həyatın inkişafı dövrü olub. Həmin dövrdə yaranan və yüksək inkişaf səviyyəsinə qalxan bədii yaradıcılıq məktəbi dünya mədəniyyətinə böyük bir dəstə ustadlar yetirmişdir.

İstər Naxçıvanda, istərsə də Təbrizdə yerləşən Atabəylər sarayında bədii ədəbiyyata yüksək qiymət verildiyi üçün onların sarayında nəinki yerli,eləcə də başqa ölkələrdən gələn şairlər fəaliyyət göstərirdilər. Azərbaycan Atabəylərindən Məhəmməd Cahan Pəhləvan (1175-1186), Qızıl Arslan (1186-1191), Cahan Pəhləvanın böyük oğlu Atabəy Əbu-Bəkr (1191-1210) hakimiyyəti dövründə yazıb-yaradan görkəmli şairlərdən biri də Əbu-Bəkr ibn Xosrov əl-Ustaddır ki, oxucuların çoxu onun yaradıcılığı ilə tanış deyildir. Əbu-Bəkr  əl-Ustadi özü yazır ki, mənim əvvəlki xidmətlərim və bugünkü Atabəylər dövlət üçün çalışqanlığım hamıya məlumdur. Mənim şahzadələrin tərbiyəsi və təhsilli, gözəl xətlə yazması, elm və ədəbiyyatı, Quran və hədisləri öyrətməyim mənim zəhmətimin nəticəsidir.

Əbu-Bəkr ibn Xosrova yüksək təhsil səviyyəsinə, ağıl və istedadına görə “əl-Ustad”-müəllim, ustad adı verilib.  Əbu-Bəkr ibn Xosrov əl Ustadinin həyatının böyük bir hissəsi Gəncədə və Naxçıvanda keçib. Belə ki, şair Gncədə bir müddət yaşsa da,  Atabəy Əbu-Bəkr Nüsrətəddin paytaxtı Gəncədən Naxçıvana köçürəndə o da Naxçıvana köçür.  Bu şəhərlər atabəylər ailəsinin mülkü (xass) idi. Dövlət xəzinəsi burada saxlanılır, atabəy Cahan Pəhləvanın övladları burada təhsil və tərbiyə alırdılar.

Əbu-Bəkr ibn Xosrov əl-Ustadinin özünün bədii əsərlərindən görünür ki, o öz dövrünün kifayət qədər tanınmış şairlərdən idi. Onun Azərbaycan atabəyləri ilə əlaqəli nəzmlə yazılmış altı bədii əsəri olub. Nəzm ilə yazılmış bu əsərlər Eldənizlər dövlətinin hökümdarları olan Atabəy Cahan Pəhləvana, Qızıl Arslana, Əbu –Bəkrə həsr edilib, o cümlədən əxlaq və davranış qaydaları haqqında nəsihətlər olub.

O dövrün tədqiqatçısı Azərbaycanın dahi şəxsiyyəti Ziya Bünyadov qeyd edir: “Əfsuslar olsun ki, Əbu-Bəkr ibn Xosrovun altı əsərindən heç biri bizə hələlik ki, çatmamışdır, ona görə də bu əsərlər haqqında rəy söyləmək çətindir”. Ancaq bir şey aydındır ki, bu əsərlər atabəylər tərəfindən iltifatla qarşılanmışdır. Ona görə də müəllif atabəylərə təşəkkür əlaməti olaraq “Munisnamə” kitabını yazmış, atabəylərə ürəkdən dua etsinlər və məni də xatırlasınlar, demişdir.

Əbu-Bəkr ibn Xosrov əl-Ustadi özünün bədii yaradıcılığında bir əsəri də atabəy Əbu-Bəkrə həsr edib, onu “Munisnamə” (İstəkli, sirdaş kitabı) adladırıb. Bu əsər almanax formasında olub əfsanələr kolleksiyasından, aforizmlərdən, rəvayət, nağıl və lətifələrdən ibarətdir. “Munis-namə”nin bir  çox sujetləri “Min bir gecə” nağıllarında təkrar olunur, hansı ki, cəm halında yalnız 1475-1525-ci illərdə meydana çıxıb. Munis-namə XII əsrdə yaşamış görkəmli Azərbaycan yazıçısı və şairi Əbu-Bəkr ibn Xosrov əl-Ustadinin zəmanəmizə gəlib çıxan hələlik yeganə əsəridir.

Atabəylər sarayında XII əsrin ikinci yarısında fəaliyyət göstərən şairlərdən ancaq Əbu-Bəkr ibn Xosrov əl-Ustad, Müdric əd-Din Beyləqani, Zahid əd-Din Şəmkirinin adları  bizə məlumdur. Nizami Gəncəvi həmin dövrdə yaşasa da saraya daxil deyildi. Atabəylər çevrəsində olan yazıçı və şairlərdən  olan əl-Ustadinin bizə çatan yeganə əsəri “Munisnamə”nin əl yazması 1920-cı ilin aprel ayında şairin vətənindən aparılır və “1001 gecə” nağılları adı ilə London muzeyinə satılır. Bu əsər 50 ildən artıq muzeydə yatıb qalır. Bu əl yazmanın “1001 gecə” nağılları ilə bir başa əlaqəsi olmadığı ingilis alimi Q. M. Meredit-Ounsa müyəssər olur. Q. M. Meredit-Ouns “Munisnamə” əsərinin qısa məzmununu işləyib hazırlayaraq 1974-cü ildə “İran və islam” məcmuəsində dərc etdirib.

Dünya şöhrətli alim, akademik Ziya Bünyadovun səyi nəticəsində “Munis-namə”nin fotosurəti Britaniya muzeyindən Azərbaycana gətirildi. Həmin əsər əməkdar elm xadimi, professor Rüstəm Əliyev tərəfindən rus dilinə tərcümə edilərək 1991-ci ildə çap edildi.

Əbu-Bəkr Xosrov  oğlu təxminən XII əsrin 40-cı illərində Gəncədə anadan olub. Nizami kimi Əbu-Bəkr də ilk təhsilini Gəncədə alıb və elmdə böyük nailiyyətlər qazanıb. Gəncənin baş mədrəsəsində müəllimlik edib. Əbu-Bəkr Atabəylərin marağına səbəb olur, onu saraya dəvət edərək şahzadələrin təlim və tərbiyəsini ona tapşırırlar. O, qısa müddətdə Atabəylər sarayında nüfuz qazanmış, otuz ildən artıq ona tapşırılan işləri ləyaqətlə yerinə yetirmiş “əl-Ustad” ləqəbini qazanmışdır. Əbu-Bəkr Nizamini yaxından tanıyıb və onlar dost olublar. Qeyd etdiyimiz kimi  Əbu-Bəkr altı poema yazıb və bunları Atabəy hökmdarlarına həsr edib. Nizami də “Xosrov və Şirin” və “İsgəndərnamə” poemalarını  Atabəylərə təqdim edib. Əbu-Bəkr öz yaradıcılığı haqda qeyd edir ki, “Munisnamə”(İstəkli sirdaş) əsərinə qədər bir neçə əsər yaratdım və onları keçmiş və sağ olan hökmdarlara həsr etdim.

Əbu-Bəkr ibn Xosrov əl-Ustadi Azərbaycanın orta əsr həyatının parlaq təsvirini əks etdirib, eləcə də onun mədəni, siyasi, iqtisadi mərkəzlərindən olan Gəncə və Naxçıvan haqda məlumat verib. “Munisnamə” Azərbaycanda, İranda  və eləcə də fars dilinin ədəbi dil olduğu digər ölkələrdə nəsrlə yazılan bədii əsərlərin əsasını qoydu. “Munis-namə” 17 başlıqdan ibarətdir. Rüstəm Əliyev qeyd edir ki, V, VII, XVII başlıqları ədəbi qiymətinə görə daha  yüksəkdir. V başlıqda 1120-ci ildə vəfat edən Əhməd Qəzzəlinin günümüzə qədər gəlib çatmayan “Məntik ət-Tayr” (quşların söhbəti) elmi əsərinin tam mətnini əhatə edir.

VII başlıq Xilafət dövründə yaşayan və xalqlar arasında hörmətlə xatırlanan Xəlifə Harun ər-Rəşidin vəziri Yəhya Bərməki və onun qüdrətli və humanist oğlu Cəfərin qəbiləsi haqqındadır. Bu rəvayətlərin böyük hissəsi real tarixi hadisələri əks etdirir.

XVII başlıqda maraqlı mövzulardan biri də iyirmi altıncı rəvayətdir. “Mağara sakinləri-yeddi gənc haqqında  əfsanə, Dəqyanus və onların arasındakı əhvalat”  “Əsabi-Kəhf mağarası haqqındadır. Lakin süjet xətti oxşar olsa da Əsabi-Kəhf haqqında islam aləmində söylənilən rəvayətdən fərqlidir. Bu rəvayətin başlanğıcında müəllif qeyd edir: “Əfsanələri qoruyanlar və rəvayətləri yaşadanlar söyləyirlər ki, qədim zamanlarda Kəəb ibn əl Əkbər, Vahab ibn Munabbax, Həsən əl-Bəsri və Abdullah ibn Məsud “mağara sakinləri” haqda əfsanəni hərə bir cür rəvayət edir. Bizə elə gəlir ki, Kəəb ibn əl-Əkbərin söylədiyi Müqəddəs kitab  Qurandakına uyğundur.

“Munisnamə”nin əlyazmasının az bir hissəsi AMEA Naxçıvan Bölməsinin Əlyazmalar institutunda saxlanılır. 

                Zaleh Novruzov.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: