Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Test Mərkəzində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilib.
Test imtahanlarında iştirak etmək üçün sənəd vermiş 120 müəllimdən 109-u prosesdə iştirak edib. 85 müəllim keçid balını toplayıb. Müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların peşəkarlığının inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılacaq.
Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilib, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanlarının nəticələri gündəlik olaraq Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.