Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdəki 8 Azərbaycan vətəndaşı xilas edilib - YENİLƏNİB

A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi Qara dənizdə dron hücumuna məruz qalan iki gəmidəki Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə medianın suallarına cavabında məlumat verib.

Onun sözlərinə görə, 13 oktyabr tarixində gecə saat 1:30 radələrində Bolqarıstan Respublikasının Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında "CHELSEA-3" adlı yük gəmisi dron hücumuna məruz qalıb:

"Aldığımız məlumata əsasən, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 vətəndaşımızın hamısı xilas edilib, onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür".

Nazirlik rəsmisi Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırdıqlarını ifadə edib.

Nihat Pir

09:54

Bolqarıstanın Baş naziri Rumen Radev Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının (PUA) hücumu barədə məlumat verib, onlardan biri batıb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

Gəmilərdən birinin heyət üzvləri arasında 8 Azərbaycan vətəndaşı olub.

Onun sözlərinə görə, Malta bayrağı altında üzən "Chelsea 3" gəmisi Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə üç PUA-nın hücumuna məruz qalıb.

"Bolqarıstanın ərazi sularının birbaşa yaxınlığında ticarət gəmilərinə növbəti hücum qətiyyən yolverilməzdir", - Baş nazir deyib.

Aralarında 7 Ukrayna və 8 Azərbaycan vətəndaşının olduğu 15 heyət üzvünün hamısı xilas edilib. Onlardan beşi yüngül xəsarətlər alıb.

R.Radevin sözlərinə görə, ikinci gəmi Krapets yaşayış məntəqəsindən 17 dəniz mili şərqdə hücuma məruz qalıb və batıb. Heyət üzvlərindən birini xilas etmək mümkün olub.

Baş nazir əlavə edib ki, Bolqarıstan PUA-nın hansı ölkəyə mənsub olduğunu müəyyən etmək üçün beynəlxalq yardım almağa çalışacaq. Bununla yanaşı, o vurğulayıb ki, Sofiyanın hələlik hər hansı tərəfi ittiham etmək üçün əlində sübutları yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: