Naxçıvan şəhərində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 14-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev dövlət başçısının qurultaydakı çıxışının Azərbaycanın keçdiyi inkişaf yolunu, qazandığı nailiyyətləri və qarşıda duran strateji vəzifələri əhatə etdiyini bildirib. O, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı müəyyənləşdirilən inkişaf istiqamətlərinə, şəhərdə həyata keçirilən infrastruktur və sosial layihələrə toxunub.

Qeyd olunub ki, Naxçıvan şəhərində cari ilin yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışı 562 milyon manat təşkil edib, əsas kapitala yönəldilən investisiyalar 37,1 faiz, tikinti-quraşdırma işlərinin həcmi isə 48,7 faiz artıb. Anar Babayev iqtisadi inkişafla yanaşı, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinin, təbliğat və maarifləndirmə işinin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə ailə, məktəb, yerli idarəetmə orqanları və ictimaiyyət arasında əməkdaşlıq gücləndirilməli, xüsusilə gənclərin informasiya mühitində qarşılaşdıqları risklərə qarşı maarifləndirilməsi diqqətdə saxlanılmalıdır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olunmasının tarixi əhəmiyyətindən danışıb. O, mürəkkəb siyasi şəraitdə yaradılan partiyanın Azərbaycanın müstəqilliyinin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və milli inkişaf strategiyasının formalaşmasında rolunu qeyd edib. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin, dövlətçilik ənənələrinin gənc nəslə aşılanmasının, elmin və təhsilin inkişafının vacibliyini vurğulayıb. Akademik müasir dövrdə informasiya və kibertəhlükəsizliyin gücləndirilməsinin, gənclərin milli maraqlar və dövlətçilik prinsipləri əsasında maarifləndirilməsinin də mühüm vəzifələrdən olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin dekan müavini, gənc tədqiqatçı Təbrizə Bağırova çıxışında müasir informasiya mühitində dezinformasiya və manipulyasiyalara qarşı mübarizənin əhəmiyyətinə toxunub. O, gənclərin rəqəmsal və informasiya savadlılığının artırılmasının, tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsinin, milli dəyərlərə bağlılıq və vətəndaş məsuliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının ölkənin siyasi, iqtisadi və təhlükəsizlik prioritetlərini müəyyənləşdirdiyini bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və iqtisadi potensialının artmasına imkan yaradıb.

Səlahiyyətli nümayəndə Azərbaycanın enerji, nəqliyyat, sosial siyasət və maliyyə dayanıqlığı sahələrində əldə etdiyi nəticələrə toxunub. Bildirib ki, ölkənin təsdiqlənmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb və onların 10-u Avropa İttifaqının üzvüdür.

İqtisadiyyata beynəlxalq etimadın mühüm göstəricilərindən birinin “Moody’s” və “Fitch” beynəlxalq reytinq agentliklərinin Azərbaycana investisiya dərəcəli reytinqlər verməsi olduğunu diqqətə çatdıran Ceyhun Cəlilov iki beynəlxalq investisiya forumu çərçivəsində, əsasən birbaşa xarici investisiyalar hesabına, 20 milyard ABŞ dollarından çox sərmayənin cəlb edildiyini bildirib. Qeyd olunub ki, bu, ölkədə iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nəqliyyat və logistika sahəsində qarşıda duran hədəflərə toxunan səlahiyyətli nümayəndə cari ildə tranzit yük həcminin 16 milyon tona çatmasının gözlənildiyini, ortamüddətli hədəfin isə bu göstəricini 30 milyon tona yüksəltmək olduğunu bildirib. Zəngəzur dəhlizinin 15 milyon tonluq potensialının həmin hədəfə çatmağa əhəmiyyətli töhfə verə biləcəyini vurğulayıb. Yeni nəqliyyat bağlantılarının Azərbaycanın regional tranzit mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrin iqtisadi fəallığının artmasına da şərait yaradacağı qeyd olunub.

Ceyhun Cəlilov, həmçinin son yeddi ildə həyata keçirilən beş sosial paketin 4 milyon nəfəri əhatə etdiyini, bu məqsədlə 7,6 milyard manat vəsait yönəldildiyini diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 28 milyard manat vəsaitin ayrıldığını, həmin ərazilərdə 48 yaşayış məntəqəsində 96 min nəfərin yaşadığını, işlədiyini və təhsil aldığını qeyd edib.

Naxçıvanın sosial-iqtisadi inkişafına dair göstəriciləri diqqətə çatdıran səlahiyyətli nümayəndə cari dövrdə muxtar respublikada ümumi daxili məhsulun 3,5 faiz artdığını, sənaye məhsulu istehsalının 7,2 faiz artaraq 412 milyon manata, kənd təsərrüfatı məhsulu istehsalının isə 4,7 faiz artaraq 319 milyon manata çatdığını bildirib. Əsas kapitala investisiyaların 37 faiz artaraq 238 milyon manat təşkil etdiyini, qeyri-dövlət sektoru üzrə investisiyaların 43 faiz artaraq 137 milyon manata, məhsul istehsalı sahələrinə yönəldilən investisiyaların isə 2,3 dəfə artaraq 116 milyon manata çatdığını vurğulayıb. Əhalinin bank əmanətlərinin 46 faiz artaraq 48 milyon manata, pərakəndə ticarət dövriyyəsinin 1,14 milyard manata, xarici ticarət dövriyyəsinin isə 156 milyon ABŞ dollarına yüksəlməsi iqtisadi fəallığın göstəriciləri kimi qeyd olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər Dövlət Proqramı, Naxçıvan Sənaye Parkının yaradılması, enerji və su təchizatı infrastrukturunun yenilənməsi, istehsal və emal sahələrinin genişləndirilməsi, turizmin inkişafı yeni imkanlar yaradır. Əsas məqsəd bu imkanları konkret layihələrə, yeni iş yerlərinə, dayanıqlı məşğulluğa və əhalinin rifahının yüksəldilməsinə çevirməkdir.

Ceyhun Cəlilov milli təhlükəsizlik məsələlərinin də daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Prezidentin qurultaydakı çıxışında müdafiə və təhlükəsizlik məqsədləri üçün 2027-ci ilin dövlət büdcəsində 9 milyard manata yaxın vəsait nəzərdə tutulmasına toxunaraq bildirib ki, güclü ordu, müasir müdafiə imkanları və yüksək hazırlıq səviyyəsi müstəqilliyimizin etibarlı təminatıdır. Bununla yanaşı, müasir dövrdə ideoloji təhlükəsizlik, kibertəhlükəsizlik və cəmiyyətin dezinformasiya təsirlərinə qarşı dayanıqlılığı da xüsusi əhəmiyyət daşıyır.

Səlahiyyətli nümayəndə təbliğat və maarifləndirmə işinin formal tədbirlərlə məhdudlaşmamalı, real faktlara və cəmiyyətin ehtiyaclarına əsaslanmalı olduğunu bildirib. Dövlət siyasəti, tarixi həqiqətlər və ölkənin inkişaf göstəriciləri ictimaiyyətə aydın və əsaslandırılmış şəkildə çatdırılmalı, təhsil müəssisələrində şagird və tələbələrin informasiya savadlılığının artırılmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

Qeyd olunub ki, yerli icra nümayəndəlikləri, bələdiyyələr, təhsil müəssisələri, ziyalılar və ictimaiyyət nümayəndələri bu işdə fəal iştirak etməli, əhali ilə müntəzəm görüşlər keçirilməli, vətəndaşların müraciət və qayğılarına həssas yanaşılmalıdır. İnformasiya və ideoloji təhdidlərin qarşısının alınması məqsədilə aidiyyəti qurumlar arasında əməkdaşlıq gücləndirilməli, profilaktik və maarifləndirici tədbirlər ardıcıl şəkildə həyata keçirilməlidir.

Ceyhun Cəlilov qarşıya qoyulan vəzifələrin icrasında dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin, ayrılmış vəsaitlərdən səmərəli istifadə olunmasının və görülən işlərin konkret nəticələrlə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi, Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, milli təhlükəsizliyin və ideoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də əhali arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: